“Neftçi” – “Bakı” oyunu tarixə düşüb
31.03.2008 - 11:48
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. “Neftçi” – “Bakı” oyunu Azərbaycan Premyer Liqasının tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə çempionatının 16 illik tarixi ərzində ikinci dəfə bir matçda hər iki komandanın oyunçusu öz qapısına qol vurub. Martın 30-da keçirilən 19-cu turun görüşündə Rəşad Sadıqov “Neftçi”nin, Rafael Əmirbəyov isə “Bakı”nın heyətində avtoqolla fərqlənib. Belə ki, oyunun gedişində estoniyalı Dmitri Kruqlov və argentinalı Fernando Peresin vurduğu qollar matçın protokolunda mərkəz müdafiəçilərinin hesabına yazılıb. Legionerlərin qollarını “mənimsəyən” müdafiəçilərin hər biri Premyer Liqa tarixində ilk dəfə belə uğursuzluq yaşayıb. Bununla da cari mövsümdə qeydə alınan avtoqolların sayı 5-ə çatıb. Ümumilikdə, Premyer Liqa tarixində 65 futbolçu 73 dəfə öz qapısına qol vurub. Bu futbolçulardan ikisi Dmitri Spirin (“Şəta”) və Eldəniz Məmmədov (“Dinamo-Bakılı”) da eyni oyunda qapıları səhv salıb. 2000-ci il sentyabrın 9-da keçirilən oyun hər iki komanda oyunçusunun avtoqola imza atdığı yeganə oyun idi. 8 il sonra yenə paytaxt derbisində və yenə “Dinamo-Bakılı”nın varisi “Bakı”nın səfərdə oynadığı qarşılaşmada belə hal təkrarlanıb. Qeyd edək ki, Premyer Liqa tarixində iki avtoqol olan daha bir matç var. Lakin MOİK – “Karvan” görüşündə hər iki halda eyni oyunçu – meydan sahiblərinin müdafiəçisi Natiq Qasımov topu öz qapısına vurub.
0
0