Azərbaycan klubları “Şəfa” stadionunda qitə miqyaslı oyun keçirməmək təhlükəsi ilə üzləşib
23.04.2008 - 15:17
Azərbaycan klubları “Şəfa” stadionunda qitə miqyaslı oyun keçirməmək təhlükəsi ilə üzləşib
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan klubları qitə miqyaslı turnirlərdə “Şəfa” stadionunda oyun keçirməklə bağlı problemlə üzləşib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) arenanı qəbul etsə də, meydançanın qazonu süni örtüklə dəyişdirildiyindən, avrokuboklarda görüş keçirmək üçün icazə lazımdır. “Şəfa”nı uzun müddətə icarəyə götürən Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov “APA-Sport” agentliyinə açıqlamasında örtüyün yoxlanışdan keçməsinin vacibliyini bildirib: “Meydançanın örtüyü UEFA-nın xüsusi laboratoriyasında baxışdan keçməli və bunun nəticəsinə əsasən, bizə cavab verilməlidir. Hər şey qaydasında olarsa, qitə futbol qurumu beynəlxalq görüşlərin keçirilməsinə icazə verən lisenziyanı verəcək”. G.Nikolov bununla bağlı dəfələrlə müraciət etsələr də, məsələnin hələ də açıq qaldığını söyləyib: “UEFA-nın tabeçiliyində olan laboratoriyalar Avropanın az ölkələrində var. FİFA-nın belə laboratoriyası isə Avstraliyadadır. Meydançaya baxış keçirənlər iyula qədər bura gəlməyə vaxtları yoxdur. Bu isə çox gecdir. Çünki artıq iyulun ortasında Çempionlar Liqası və UEFA kubokunda yeni mövsüm start götürür. Ümidimiz Fransanın “Labospor” adlı şirkəti ilə bağlıdır ki, onları yola gətirməyə çalışırıq. Fransızlar da ən yaxşı halda, iyunun ilk 10 günlüyündə bura gələ biləcəklərini deyiblər. İyunun son 10 günlüyündə isə İntertoto kuboku oyunları start götürür”. “İnter”lə yanaşı, ev oyunlarını “Şəfa”da keçirən “Olimpik” də gələn mövsüm avrokuboklarda ölkəmizi təmsil etməyə əsas namizədlərdəndir. Lisenziyalaşdırma prosesi qitə miqyaslı turnirdə yeni mövsümün startınadək yekunlaşmazsa, hər iki komanda “Neftçi” kimi yayda rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməli olacaq.
Qeyd edək ki, olimpiya yığmamız ötən yay qazonu dəyişdirilən “Şəfa”da eyni səbəbdən rəsmi matç keçirə bilmir.
0