“İnter” Bakı klublarının Azərbaycan kubokunda uğursuzluq sindromuna son qoyub
24.04.2008 - 10:22
“İnter” Bakı klublarının Azərbaycan kubokunda uğursuzluq sindromuna son qoyub
Bakı. Mehman Süleymanov – APA-Sport. Bakının “İnter” klubu paytaxt təmsilçilərinin Azərbaycan kubokunda uğursuzluq sindromuna son qoyub. “APA-Sport” agentliyinin məlumatına görə, “İnter” ölkə kubokunun son üç mövsümündə finala çıxan yeganə Bakı klubu olub. 2006-cı ildə finalda “Qarabağ” (Ağdam) – “Karvan” (Yevlax), bundan bir il sonra “Xəzər-Lənkəran” (Lənkəran) – “MKT-Araz” (İmişli) oyunları keçirilib. Buna qədər isə bakılılar ardıcıl üç mövsüm kubokun həlledici matçına çıxıblar. Paytaxt təmsilçisinin iştirak etdiyi sonuncu finalda “İnter” də oynayıb. Komanda 2005-ci ilin mayın 28-də “Bakı”ya əlavə vaxtda 1:2 hesabı ilə məğlub olmaqla, kuboku qazanmaq imkanını əldən verib. “İnter”in həmin heyətindən qalan yeganə futbolçu milliləşən 24 yaşlı ukraynalı müdafiəçi Vladimir Levindir. Hazırkı ukraynalı çalışdırıcı Valentin Xodukin də üç il öncə komandada olub. Belə ki, “İnter” finala çıxandan sonra dəvət edilən 69 yaşlı mütəxəssis mayın 12-də Azərbaycana gəlib və baş məşqçi təyin edilənədək bir il klubda elmi-metodik qrupa rəhbərlik edib.
Qeyd edək ki, “İnter”i tarixində ilk dəfə finala çıxaran mütəxəssis də ukraynalı – 59 yaşlı Anatoli Konkov olub.
0