Ağasəlim Mircavadov Avropada ən çox böyük hesabla uduzan məşqçidir
01.08.2008 - 17:32
Ağasəlim Mircavadov Avropada ən çox böyük hesabla uduzan məşqçidir
Bakı. Mehman Süleymanov - APA-Sport. Avrokuboklarda çıxış edən Azərbaycan klubu üç ildən sonra böyük hesabla uduzub. “APA-Sport” agentliyinin məlumatına görə, bu, “Xəzər-Lənkəran”ın UEFA kubokunun birinci təsnifat mərhələsində Polşanın “Lex” klubuna səfərdə keçirilən cavab görüşündə 1:4 hesablı məğlubiyyəti olub. İndiyədək avrokuboklarda keçirdiyi 6 oyunda qələbə üzünə həsrət qalan “Xəzər-Lənkəran” cari mövsümdə qitə miqyaslı turnirdə iştirakçılarımız arasında xal qazanmayan yeganə komanda olub. Düzdür, “Neftçi”nin çıxış etdiyi İntertoto kubokunda qələbə, yaxud heç-heçə ölkəmizin UEFA-nın reytinqində əmsalının yüksəlməsinə təsir göstərməsə də, hər halda, flaqman keçirdiyi 6 görüşün 3-də qələbə qazana, 1-də heç-heçə edə bilib. “Xəzər-Lənkəran”a qədər avrokuboklarda sonuncu dəfə böyük hesabla uduzan “Neftçi” olub. Komandamız 2005-ci ilin iyulun 26-da Çempionlar Liqasının (ÇL) ikinci təsnifat mərhələsində Belçikanın “Anderlext” klubuna səfərdə 0:5 hesabı ilə uduzub. Maraqlıdır ki, həmin vaxt da bu ağır məğlubiyyəti Ağasəlim Mircavadov alıb. O, “Neftçi”ni çempion etdikdən bir il sonra – 2006-cı ilin iyununda “Xəzər-Lənkəran”ın sükanı arxasına keçib. Ümumiyyətlə, Azərbaycanın ən titullu məşqçisi olan A.Mircavadov eyni zamanda avrokuboklarda ən çox böyük hesabla uduzan məşqçidir. Belə ki, o, qitə miqyaslı turnirə çıxardığı bütün klublarla – “Qarabağ”, “Şəmkir”, “Neftçi” və “Xəzər-Lənkəran”la böyük hesablı məğlubiyyət alıb. A.Mircavadov “Neftçi” və “Xəzər-Lənkəran”a qədər 1998-ci ildə “Qarabağ”la Kuboklar Kubokunda “Kopenhagen”ə (Danimarka) hər iki oyunda (0:6 və 0:4), 1999-cu ildə “Şəmkir”lə UEFA kubokunda “Krivbass”a səfərdə 0:3, iki il sonra ÇL-nin ikinci təsnifat mərhələsində “Slaviya”ya (Çexiya) Bakıda 1:4 hesabı ilə uduzub. Maraqlıdır ki, A.Mircavadov Azərbaycan çempionu və iki dəfə ölkə kubokunu qazandırdığı “Xəzər-Lənkəran”la işlədiyi iki ildə böyük hesabla uduzmamışdı və ilk belə yenilgi ona istefa bahasına başa gəldi.
Qeyd edək ki, A.Mircavadov 1995-ci ilin sentyabrın 6-da Fransa yığmasına Oserdə 0:10 hesabı ilə uduzduqdan sonra milli komandamızın baş məşqçi postundan istefa verib.
0