Gürcüstan futbolçuları Rusiyaya getməmək üçün UEFA-ya müraciət ediblər
27.08.2008 - 10:47
Gürcüstan futbolçuları Rusiyaya getməmək üçün UEFA-ya müraciət ediblər
Bakı - APA-Sport. Gürcüstan Futbol Federasiyasının rəhbərliyi bu ölkənin 21 yaşlılardan ibarət milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 5-də Moskvada Rusiya yığması ilə keçirilməsi nəzərdə tutulan oyununun neytral meydana təyin olunmasını istəyir. “APA-Sport” agentliyinin məlumatına görə, Gürcüstan tərəfi bununla bağlı UEFA-ya müraciət edib. Ancaq qitənin ən ali futbol qurumunun rəsmisi qarşılaşmanın keçiriləcəyi yerin dəyişdirilməyəcəyini bildirib: “Rusiya - Gürcüstan matçının qabaqcadan planlaşdırıldığı kimi, sentyabrın 5-də Moskvada oynanılacağı gözlənilir”. UEFA görüşün neytral meydanda keçirilməsi barədə qərar verməsə, gürcüstanlılar Moskvaya getməyəcəklər.
Qeyd edək ki, Gürcüstan Futbol Federasiyası Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanımasından sonra UEFA-ya müraciət ünvanlayıb.
0