Əli Daei: “Azərbaycan komandası ilə oyunda 5 real qol şansından yararlana bilmədik”
28.08.2008 - 15:55
Əli Daei: “Azərbaycan komandası ilə oyunda 5 real qol şansından yararlana bilmədik”
Əslən azərbaycanlı olan 39 yaşlı çalışdırıcı yetirmələrinin xüsusilə ikinci hissədə yaxşı təsir bağışladığını bildirib: “İlk hissədə bəzi nöqsanlarımız var idi. Fasilədən sonra isə çatışmazlıqları aradan qaldıraraq, fəallaşdıq və üstünlüyə yiyələndik”. Ə. Daei vurğulayıb ki, Azərbaycan yığması ilə görüş mühüm əhəmiyyət kəsb edib: “Azərbaycanlılarla qarşılaşma sentyabrın 6-da dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanı ilə keçirəcəyimiz oyuna hazırlıq xarakteri daşıyırdı”. Həmçinin, baş məşqçi İran – Azərbaycan matçının qabaqcadan planlaşdırılmadığını söyləyib: “Mən hazırlıq planını İran Futbol Federasiyasına təqdim etmişəm. Ancaq mənim razılığım olmadan avqustun 20-nə Özbəkistanla görüş təyin olunmuşdu. Bu səbəbdən həmin oyunu ləğv etdik və Azərbaycanla qarşılaşmaya razılaşdım”.
0