Con Toşak Azərbaycanla matça çağırdığı bir futbolçudan imtina edib
28.08.2008 - 16:51
Con Toşak Azərbaycanla matça çağırdığı bir futbolçudan imtina edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sentyabrın 6-da dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Uels yığmasının heyətində dəyişiklik baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, britaniyalıların baş məşqçisi Con Toşak bir müddət öncə dəvət göndərdiyi “Vest Hem”in yarımmüdafiəçi Ceyms Kollinzi heyətdən kənarlaşdırıb. Uzun müddət zədə ucbatından kənarda qalan C. Kollinz yığmadan uzaqlaşdırılan yeganə futbolçu olmaya bilər. Belə ki, C. Toşak milli komandanın aparıcı üzvü, “Vest Hem”in digər oyunçusu Kreyq Bellamini də heyətdən kənarlaşdıra biləcəyini söyləyib: “Kollinz son 10 ayda cəmi 45 dəqiqə futbol oynayıb. Mən onun axırıncı iki qarşılaşmada forma geyinəcəyinə ümid edirdim. Amma düşündüklərim yanlış oldu. Kreyq isə ondan çox fərqlənir. Bellami daim oynamağa hazırdır. O, şənbə günü Premyer Liqanın növbəti turunda “Bləkbörn”ə qarşı mübarizə aparsa, Azərbaycanla rəsmi matçda da bizimlə olacaq. Yığma üzvləri arasında məni ən çox Robert İrnşou razı salır. İrnşou “Nottingem Forest”in 5 görüşünün hamısını əvəzlənmədən keçirib”.
Qeyd edək ki, Uels - Azərbaycan oyunu sentyabrın 6-da Kardiffin “Millenium” stadionunda baş tutacaq.
0