Azərbaycan yığmasının futbolçusu “Srvena Zvezda” komandasında ilk qolunu vurub
29.08.2008 - 09:57
Azərbaycan yığmasının futbolçusu “Srvena Zvezda” komandasında ilk qolunu vurub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Futbol üzrə Azərbaycan yığmasının üzvü Branimir Subaşiç Serbiyanın “Srvena Zvezda” klubunun heyətində ilk qolunu vurub. “APA-Sport” agentliyinin məlumatına görə, 26 yaşlı hücumçunun şərəfini qoruduğu komanda UEFA kubokunun ikinci təsnifat mərhələsinin cavab oyununda “Apoel”i (Kipr) qəbul edib. Oyunun 73-cü dəqiqəsində, “Srvena Zvezda” 0:2 hesabı ilə geridə qalarkən meydana daxil olan B. Subaşiç tezliklə fərqlənib. O, 77-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. Final fitinə 5 dəqiqə qalmış daha bir qol vuran serbiyalılar tarazlığı bərpa ediblər - 2:2. İki həftə öncə Kiprdə keçirilən qarşılaşma da eyni hesabla başa çatdığından əlavə hissələr təyin olunub. 103-cü dəqiqədə B. Subaşiç yenə komandasına yardım edib. Məhz ona qarşı kobudluğa görə “Apoel”in qapıçısı qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan başqa, elə həmin an “Srvena Zvezda” üçüncü topu rəqibin qapısından keçirib. Əvəzetmə limiti qurtaran kiprlilər say azlığına və hesabda geri olmalarına baxmayaraq, 117-ci dəqiqədə həlledici qola imza atıblar - 3:3. Nəticədə “Apoel” səfərdə daha çox fərqləndiyindən növbəti mərhələyə adlayıb. B. Subaşiçin komandası isə UEFA kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, milli komandamızın oyunçusu indiyədək Belqrad təmsilçisinin heyətində 4 oyun keçirib.
0