Rusiyanın “Zenit” klubu tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb
30.08.2008 - 10:16
Monako. Vüqar Xeyrullayev - APA-Sport. Rusiyanın “Zenit” komandası tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Sankt-Peterburq təmsilçisi sayca 33-cü dəfə keçirilən UEFA Superkuboku uğrunda matça Çempionlar Liqasının son qalibi, İngiltərənin ən güclü komandası “Mançester Yunayted”i üstələyib. Monakonun “II Lui” stadionunda baş tutan qarşılaşmada hesabı 44-cü dəqiqədə Pavel Poqrebnyak açıb. Fasilədən sonra “Zenit” daha bir qol vurub. Bu dəfə Rusiya futbol tarixinin ən bahalı transferi Danni fərqlənib. Ötən həftə 30 milyon avro müqabilində “Zenit”ə keçən portuqaliyalı yarımmüdafiəçi ilk rəsmi matçda rəqib qapısına yol tapmağı bacarıb. Görüşün 73-cü dəqiqəsində serbiyalı Nemanya Vidiçin vurduğu qol isə “Mançester Yunayted” üçün təsəlli xarakteri daşıyıb. Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan “Zenit” bu il UEFA kubokunun ardından Supekuboka da sahib çıxıb. Matçın ən yaxşı futbolçusuna verilən mükafata isə Danni layiq görülüb.
0
0