Azərbaycan yığmasının futbolçusu Rusiya çempionatının ikinci divizionunda oynayacaq
30.08.2008 - 10:48
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” komandasının sabiq hücumçusu Daniel Axtyamov özünə yeni iş yeri tapıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu ilin əvvəlində Rusiya çempionatının birinci dəstəsində mübarizə aparan “Torpedo”ya transfer olan 23 yaşlı futbolçu indi daha aşağı səviyyəli turnirdə oynamaq məcburiyyətində qalıb. Belə ki, D. Axtyamov ikinci divizionun qərb zonasında çıxış edən “Şeksna” komandasına icarəyə verilib. Azərbaycanın əsas və gənclərdən ibarət yığmalarının şərəfini qorumuş hücumçu hazırda karyerasında eniş dövrünü yaşayır. O, cari mövsüm “Torpedo”nun heyətində 15 oyuna 2 qol vursa da, məşqçilərin etimadını qazana bilməyib. D. Axtyamov son bir ildə milli komandamıza da çağırılmayıb.
0
0