Ukraynalı futbolçu: “Mənə Azərbaycan milli komandasında oynamaq təklif olunsa da, bundan imtina etdim”
30.08.2008 - 11:38
Ukraynalı futbolçu: “Mənə Azərbaycan milli komandasında oynamaq təklif olunsa da, bundan imtina etdim”
Hazırda Poltavanın “Vorskla” klubunda oynayan 25 yaşlı yarımmüdafiəçi bildirib ki, pulu yox, perspektivi düşündüyü üçün belə addım atıb. S. Kravçenko məcburiyyət qarşısında qaldığından Azərbaycanda legioner həyatı yaşadığını söyləyib: “2005-ci ilin avqustunda Donetsk “Metallurq”u transfer haqqı ödəmədən məni heyətinə qata bilərdi. Lakin onlar bunu istəmədilər. Artıq bütün komandalar heyəti formalaşdırmışdılar. Nə etməli olduğumu bilmirdim. Bu zaman uşaqlıq dostum Denis Sokolovski yarım illiyə Azərbaycana getməyimi təklif etdi. Onunla birgə Ağdamın “Qarabağ” komandasında forma geyindik. Bakıda keçirdiyim dövr yaddaşımda müsbət iz buraxıb. Gözəl, müasir şəhər olan Bakı ürəyimcə idi”. Daha sonra S. Kravçenkoya milli komandamızda oynamaq təklifi edilib. Futbolçunun təklifdən imtinası isə təəccüblə qarşılanıb: “Azərbaycanda özümü yaxşı tərəfdən göstərdiyimdən, orada mənə ehtiyac var idi. Ukraynada isə heç kimə lazım deyildim. Mənə Ukrayna vətəndaşlığından imtina edib, Azərbaycan pasportu almağı təklif etdilər. Onlar Azərbaycan milli komandasında oynamağımı istəyirdilər. Təkcə öz ölkəmin yığmasında çıxış etmək istədiyimi bildirəndə isə çox təəccübləndilər. Azərbaycan çempionatında oynaya-oynaya Ukrayna milli komandasına düşmək haqda fikirləşməyim onlara qəribə gəlirdi. Mən “baxarıq” deməklə kifayətləndim. Belə vəziyyətdə gəlirimin Azərbaycandakı qazancımdan iki, hətta üç dəfə az olacağına baxmayaraq, vətənə qayıtdım”.
Qeyd edək ki, S. Kravçenko bu ilin iyunundan Ukrayna yığmasına çağırılır. O, hazırda “Vorskla”nın üzvü olsa da, gələn ildən postsovet məkanının ən titullu klubu Kiyev “Dinamo”sunun şərəfini qoruyacaq. Yarımmüdafiəçi “Dinamo” rəhbərliyi ilə 5 illik müqavilə bağlayıb.
0