“Neftçi” komandası Türkiyədə təlim-məşq toplanışı keçəcək
01.09.2008 - 13:22
“Neftçi” komandası Türkiyədə təlim-məşq toplanışı keçəcək
Bakı. Elşən Məmmədov – APA-Sport. Bakının “Neftçi” klubu Azərbaycan Premyer Liqasında yaranan 20 günlük fasilə müddətində ölkə xaricində təlim-məşq toplanışı keçəcək. Bu haqda “APA-Sport” agentliyinə komandanın vitse-prezidenti İlqar Quluzadə məlumat verib. Onun sözlərinə görə, baş məşqçi Hans-Yurgen Gedenin rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Türkiyənin paytaxtı Ankara yaxınlığındakı Qızılcahamam qəsəbəsinə yollanacaq. Paytaxt təmsilçisinin təlim-məşq toplanışında bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacağı gözlənilir. Sentyabrın 18-dək davam edəcək hazırlıq prosesinə həmin vaxt milli komandanın düşərgəsində olacaq Rəşad Sadıqov, Rail Məlikov, Elmar Baxşıyev, Aleksandr Çertoqanov və Anar Nəzirov qatılmayacaqlar. Premyer Liqanın 4-cü turu çərçivəsində avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”nin Zaqatalanın “Simurq” komandası ilə keçirdiyi oyunu tribunadan izləyən yeni baş məşqçi ertəsi gün vətəni Almaniyaya yola düşüb. İ. Quluzadə bildirib ki, sentyabrın 4-də Bakıya qayıdacaq Hans-Yurgen Gede özü ilə almaniyalı köməkçi-məşqçi gətirəcək: “Onun köməkçisinin adını hələ bilmirik. Özü kiminlə istəsə, işləyə bilər”. Hans-Yurgen Gedeyə azərbaycanlı məşqçilərdən Böyükağa Ağayev, İqor Getman və qapıçılar üzrə çalışdırıcı Faiq Əzizov yardımçı olacaqlar.
0