“Neftçi”nin sabiq baş məşqçisinə iki klubdan təklif gəlib
02.09.2008 - 11:44
“Neftçi”nin sabiq baş məşqçisinə iki klubdan təklif gəlib
Kiyev. Elşən Məmmədov - APA-Sport. Bakının “Neftçi” komandasının sabiq baş məşqçisi Anatoli Demyanenkoya iki klubdan təklif gəlib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən A. Demyanenkonun özü məşqçilik fəaliyyətini Rusiyada davam etdirə biləcəyini deyib. Belə ki, 49 yaşlı çalışdırıcı ilə Rusiyanın “Luç-Energiya” komandasının rəhbərliyi maraqlanır: “Luç-Energiya” Vladivostok şəhərini təmsil edir. Məsafənin uzaqlığı təklifə mənfi cavab verməyimə səbəb ola bilməz. Sadəcə, bu klub hazırda Rusiya Premyer Liqasında qalmaq uğrunda mübarizə aparır. Üstəlik, “Luç-Energiya”nın baş məşqçisi Zoran Vuliç vəzifəsini tərk etmədiyindən, təklifi dəyərləndirib-dəyərləndirməyəcəyim haqda ətraflı danışmaq etik cəhətdən doğru olmazdı”.
Ukrayna mətbuatının məlumatına görə, “Dnepr” rəsmiləri də A. Demyanenko ilə işbirliyində maraqlıdırlar. UEFA kubokunda mübarizəni erkən dayandırdıqdan sonra komandanın baş məşqçisi Oleq Protasov tutduğu vəzifədən azad olunub. Boş qalan posta namizədlər qismində A. Demyanenko ilə yanaşı, Rusiya MOİK-nin çalışdırıcısı Valeri Qazzayevin də adı göstərilir. Hazırda “Dnepr” rəhbərliyi iki mütəxəssis arasında seçim aparır. Baş məşqçi vəzifəsinin A. Demyanenkoya etibar olunacağı daha real görünür.
0