“Bakı”nın xorvatiyalı qapıçısı rekorda imza atmağa yaxındır
02.09.2008 - 15:42
“Bakı”nın xorvatiyalı qapıçısı rekorda imza atmağa yaxındır
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Bakı” klubunun qapıçısı Marko Şarliya 574 dəqiqədir qapısından qol buraxmır. “APA-Sport” agentliyinin məlumatına görə, xorvatiyalı futbolçu Azərbaycan Premyer Liqasında keçirdiyi bütün oyunlarda rəqib hücumçuların fərqlənməsinə imkan verməyib. “Bakı”nın 4 çempionat matçında üst-üstə 360 dəqiqə qapısını toxunulmaz saxlayan M. Şarliya əvvəlki klubunda da uğurlu çıxış edib. O, Xorvatiyanın “İnter” komandasında oynayarkən axırıncı dəfə ölkə çempionatının 33-cü turunda “Osiyek”lə matçda qapısında qol görüb. 26 yaşlı futbolçu həmin görüşün son 34 dəqiqəsində, həmçinin növbəti iki qarşılaşmada qol buraxmayıb. “İnter” güclülər dəstəsində yerini qorumaq üçün keçirdiyi pley-off görüşlərində məhz M. Şarliyanın əməyi sayəsində istəyinə nail olub. Vətənindən 214 dəqiqəlik quru seriya ilə ayrılan qapıçı “Bakı”da bu rəqəmi 574-ə çatdırıb. Ona Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən uzun quru seriyalarına aid tərtib etdiyi siyahıya düşmək üçün 86 dəqiqə lazımdır. İFFHS 660 və daha çox dəqiqə qol buraxmayan qapıçıların seriyalarını qeydə alır. M. Şarliya “Bakı”nın Premyer Liqada keçirəcəyi növbəti oyunda qapısını 86 dəqiqə toxunulmaz saxlasa, İFFHS-in siyahısında yer alacaq.
0