AFFA yenə “Qəbələ” klubuna sərt cəza kəsib
03.09.2008 - 13:12
AFFA yenə “Qəbələ” klubuna sərt cəza kəsib
Bakı. Aqşin Əliyev - APA-Sport. AFFA Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, yığıncaqda yalnız Azərbaycan Premyer Liqasında yarışan klubların əvəzedici komandaları cəzalandırılıb. “Bakılı” - “Olimpik” oyununda qonaqların 4 üzvü sarı vərəqə aldığından komanda 500 manat cərimələnib. Analoji səbəb üzündən MOİK rəhbərliyi də assosiasiyanın büdcəsinə eyni məbləğdə pul köçürəcək. Bundan başqa, “Qarabağ”ın üzvü Fərrux Rəhimov “Bakı” ilə matçın 67-ci dəqiqəsində yan xətt hakimini təhqir etdiyindən 2 tur çempionat oyunlarına buraxılmayacaq. Ağdam təmsilçisi isə 1000 manat cərimə ödəyəcək. NİK-in iclasında ən çox “İnter” - “Qəbələ” görüşü müzakirə obyektinə çevrilib. Hər komandanın bir futbolçusu Oleq Şişkinlə Pərvin Paşayev rəqibi əllə vurduqları üçün qırmızı vərəqə ilə cəzalandırılıblar. AFFA həm O. Şişkin, həm də P. Paşayevi 2 oyun diskvalifikasiya etməklə yanaşı, klubların hərəsini 1000 manat cərimələyib. “Qəbələ” başqa neqativ hallara görə də NİK-in qəzəbinə tuş gəlib. Dörd üzvü sarı vərəqə aldığından əyalət təmsilçisi 500 manat cərimə verəcək. Üstəlik, son turda Eldəniz Süleymanov ikinci xəbərdarlıq alaraq, meydandan qovulub. Futbolçu 1 oyunluq diskvalifikasiya edilib, onun şərəfini qoruduğu komandaya isə 100 manat cərimə kəsilib. Ümumilikdə 1600 manat cərimələnən “Qəbələ” IV turun yekunlarına əsasən, ən sərt cəzaya məruz qalan kollektivə çevrilib.
Qeyd edək ki, “Qəbələ” komandası NİK-in ötən yığıncağında 2000 manat cərimələnmişdi.
0