Ərəb şeyxindən futbolçulara fantastik təkliflər
04.09.2008 - 12:51
Ərəb şeyxindən futbolçulara fantastik təkliflər
Bakı - APA-Sport. İngiltərənin “Mançester Siti” klubunun yeni prezidenti, “Abu Dhabi” Şirkətlər Qrupunun rəhbəri Süleyman Əl-Fahimin fantastik təklifləri davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, ərəb şeyxi dünyanın ən yaxşı futbolçulardan biri Kriştianu Ronaldoya 260 milyon ABŞ dolları xərcləməyə hazır olduğunu bildirib. Hazırda “Mançester Yunayted”də forma geyinən portuqaliyalı yarımmüdafiəçinin Süleyman Əl-Fahimin komandasına keçməsinə vaxt qıtlığı maneçilik törədib. Daha doğrusu, sentyabrın 1-də Avropada “transfer pəncərəsi” bağlandığından K. Ronaldonun “Mançester Siti”yə mümkün keçidi təxirə düşüb. Yay transfer mövsümü başa çatdıqdan sonra ərəb şeyxinin “Liverpul”un hücumçusu Fernando Torresi 50 milyon funt-sterlinq müqabilində ələ keçirmək istədiyi məlum olub. Ancaq qeyri-müəyyən səbəbdən tərəflər arasında razılıq baş tutmayıb. Bununla yanaşı, mövsümlərarası fasilədə “Mançester Siti” rəhbərliyi “Real”da oynayan Rud van Nistelroy və “Ayaks”ın üzvü Klas-Yan Huntelara da cəlbedici təkliflər göndərib.
Qeyd edək ki, yay transfer dönəmində ən bahalı keçidə məhz Süleyman Əl-Fahimin komandası imza atıb. Ərəb şeyxi “Real”dan braziliyalı Robinyonun alınmasına bu il üçün rekord məbləğdə - 42 milyon avro xərcləyib.
0