Kaxa Kaladze FİFA-nı tənqid etdi
04.09.2008 - 18:12
Kaxa Kaladze FİFA-nı tənqid etdi
Bakı. Mehman Süleymanov - APA-Sport. Gürcüstan futbol yığmasının kapitanı Kaxa Kaladze FİFA-nı tənqid edib. “APA-Sport” agentliyinin məlumatına görə, İtaliyanın “Milan” klubunun 30 yaşlı müdafiəçisi ali futbol qurumunun Gürcüstan yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya ilə Tiflisdəki görüşünün Almaniyanın Maynts şəhərinə keçirilməsini düzgün qərar saymır.
FİFA İrlandiya Futbol Federasiyasının Cənubi Osetiyadakı məlum hadisələr zamanı hərbi münaqişə ilə bağlı narahatlığını başa düşərək, Gürcüstanla rəsmi oyunun neytral meydanda keçirilməsi ilə bağlı ötən ay qərar çıxarıb. Yozef Blatterin prezidenti olduğu futbol qurumu Gürcüstana alternativ variant təklif etməklə bağlı iki həftə vaxt verib. İlkin olaraq, Almaniyanın digər şəhəri – Karlsruedəki stadion təklif olunsa da, sonda federasiya Maynstdakı arenanı seçib. K.Kaladze İtaliya mətbuatına açıqlamasında narazılığını belə ifadə edib: “Mən və komanda yoldaşlarım niyə belə qərar çıxarılmasını indiyədək özlərindən soruşurlar. Gürcüstanda vətəndaş müharibəsi yoxdur, biz təhlükəli deyilik. Tiflisdəki stadionda nə baş verə bilərdi? Heç nə. Bu, hazırda heç də yaxşı günlərini yaşamayan minlərlə insan üçün bayram ola bilərdi”. K.Kaladzenin sözlərinə görə, Gürcüstan yığmasının futbolçuları irlandlarla oyunu qara sarğı ilə çıxmaq fikrindədirlər. O, həmçinin bildirib ki, oyunçular hərbi münaqişə nəticəsində xəsarət alan ailələr üçün pul yığmaya başlayıblar. Gürcüstan İrlandiya ilə oyundan sonra Udine şəhərində İtaliya yığmasının qonağı olacaq. İtaliyanın hakimiyyət dairələri bu matçda təhlükəsizlik tədbirlərinə maksimum diqqət yetiriləcəyini bəyan edib. K.Kaladze buna görə də məyusdur: “Biz qorxunun yox, həmrəyliyinin əlamətlərini görmək istəyirik”.
0