Branimir Subaşiç: “Uels yığmasını cəzalandıracağam”
05.09.2008 - 10:52
Branimir Subaşiç: “Uels yığmasını cəzalandıracağam”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç deyib. Serbiyalı hücumçu bildirib ki, milli komandamız sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Uelsə qarşı səfər matçında qənaətbəxş nəticəyə nail ola bilər. Yığmamızın digər “milliləşdirilmiş” üzvü Leandro Qomeş də qarşıdakı oyunla bağlı nikbin danışıb: “Əlverişli imkanlardan yararlanmaq lazımdır. Yalnız bu halda istəyimizə çata bilərik. Uelsə qalib gəlmək üçün sonadək mübarizə aparacağıq. İnanıram ki, seçmə mərhələnin ilk turunda xal qazana biləcəyik”. Milli komandamızın kapitanı Rəşad Sadıqov isə Uelslə oyunu tarixi görüş adlandırıb. 26 yaşlı müdafiəçi vurğulayıb ki, rəqibin xüsusilə standartlar vəziyyətdən fərqlənməsinə imkan vermək olmaz: “Britaniyalılar adətən “ikinci mərtəbə”də yaxşı oynayırlar. Standart vəziyyətlər zamanı ikiqat diqqətlə olmağımız vacibdir. Əks təqdirdə, Vətənə sərfəli nəticə ilə dönmək istəyimiz baş tutmayacaq”.
Qeyd edək ki, Uels - Azərbaycan görüşü sabah Kardiffin “Millenium” stadionunda Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
0