“Neftçi”nin məşqçisi almanları məyus etdi
05.09.2008 - 11:28
“Neftçi”nin məşqçisi almanları məyus etdi
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Azərbaycanın “Neftçi” klubuna keçməyə qərar vermək mənim üçün çox çətin oldu. Bunun üçün xeyli fikirləşib, ailəmin fikrini də öyrənməli oldum”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya mətbuatına müsahibəsində “Neftçi” klubunun məşqçisi Rob Reekers deyib. Hollandiya milli komandasının sabiq futbolçusu olan 42 yaşlı çalışdırıcı işlədiyi Almaniyanın “Stadloh” klubundan perspektiv üçün ayrıldığını bildirib: “Neftçi”yə keçidimi peşəkarlıq baxımından irəli addım kimi dəyərləndirirəm. Mənim üçün geniş imkanlar açılır. Lakin “Stadloh”u da unutmaq çətindir. Xarakterə malik komandanın mən olmadan da irəli gedəcəyinə inanıram. Sabiq köməkçilərim klubu tutduğu yolla aparmağa qadir məşqçilərdir”. R.Reekersdən fərqli, “Stadloh” rəhbərliyi onun addımını müəyyən mənada düzgün saymır. Klub rəsmisi Yuber Tenbrinqs üzüldüyünü gizlətməyib: “Robun qərarı təkcə mənim üçün yox, bütün şəhərimizi təəccübləndirdi. Klubumuzun son dövrdəki uğuru yalnız onun adı ilə bağlıdır. Bu da onun beynəlxalq arenada təklif almasına gətirib çıxarıb. Reekersin diqqətini klubumuza yönəltməsi üçün yayda onunla müqavilənin daha iki il uzadılmasına qərar vermişdik. Lakin qarşılıqlı razılıqla anlaşmanı pozduq. Güdən məşqçinin qarşısını güclə saxlamaq mənasız olardı. Lakin bu itkiyə çox üzülürük. İndi komandamız onun qurduğu güclü nizam intizam və Robu fəlsəfəsi üzrə inkişafını davam etdirməlidir”.
0