Türkiyə yığmasının start heyəti
05.09.2008 - 12:04
İstanbul. Elşən Məmmədov - APA-Sport. Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim sabah keçiriləcək Ermənistan yığması ilə matçın start heyətini müəyyənləşdirib. “APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 55 yaşlı mütəxəssis İrəvandakı “Razdan” stadionunda baş tutacaq qarşılaşmada təqribən son Avropa çempionatında güvəndiyi “11-liy”ə yenə şans verəcək. “Ay-ulduzlular”ın ermənilərlə oyuna Volkan Dəmirəl, Gökhan Gönül, İbrahim Kaş, Sərvət Çətin, Hakan Balta, Sərdar Özkan, Mehmet Aurelio (Mehmet Topal), Əmrə Bələzoğlu, Tuncay Şanlı, Semih Şəntürk və Arda Turandan ibarət heyətlə çıxacağı gözlənilir. Hazırda FİFA-nın reytinq cədvəlində 10-cu pillədə olduqlarını deyən F.Terim ilk “üçlüy”ə girməyi hədəflədiklərini açıqlayıb. Təcrübəli çalışdırıcı bu yolda ilk addımı Ermənistanla qarşılaşmada atacaqlarını bildirib: “Yaxşı başlamaq və davamını gətirmək niyyətindəyik. Futbolçularımız bu matçın önəmini bilirlər. Onlar oyunun məsuliyyətini birgə aradan qaldıracaq gücə malikdirlər. İstədiyimiz nəticəni əldə edib, geri dönəcəyimizə inanırıq”.
0
0