“Neftçi” klubunun baş məşqçisi jurnalistlərdən üzr istədi
05.09.2008 - 12:43
“Neftçi” klubunun baş məşqçisi jurnalistlərdən üzr istədi
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün “Neftçi” futbol klubunun almaniyalı yeni baş məşqçisi Hans-Yurgen Gede ilə hollandiyalı köməkçisi Rob Reekersin təqdimetmə mərasimi olub. “APA-Sport” agentliyinin məlumatına görə, klubun vitse-prezidenti İlqar Quluzadə 52 yaşlı almaniyalı mütəxəssislə rəsmi müqavilə imzaladıqdan sonra ona və köməkçisinə “Neftçi”nin şərfini bağışlayıb.
Mərasimə 15 dəqiqə gecikən H.J.Gede buna görə media nümayəndələrindən üzr istəyib: “Bu, bir daha təkrar olunmayacaq. Bundan sonra həmişə işimizdə dəqiq olmağa çalışacağıq. “Neftçi”nin böyük tarixi var və belə klubda işləyəcəyimə görə özümü xoşbəxt sayıram. Çox şadam ki, Azərbaycanda bir nömrəli komandanın baş məşqçisi kimi çalışacağam”. “Neftçi”dən İran yığması ilə yoldaşlıq görüşündən sonra dəvət aldığını deyən H.Y.Gedenin sözlərinə görə, bu məsələni milli komandamızda köməkçisi olduğu həmyerlisi Berti Foqts və müqavilə imzaladığı AFFA rəhbərliyi ilə müzakirə edib: “İrandan qayıtdıqdan sonra “Neftçi”nin baş məşqçi axtardığından xəbər tutdum. “Neftçi”nin bir sıra oyunçuları Azərbaycan yığmasına cəlb olduğundan onlarla daha yaxından tanış olmaq imkanı qazanmışam. Komandanın böyük potensialı, yaxşı heyəti var. Əsas vəzifəmiz komandanı zirvələri daşımaq, böyük uğurlara imza atmaqdır”.
0