Uels - Azərbaycan matçının nəticəsi məlumdur
05.09.2008 - 12:13
Uels - Azərbaycan matçının nəticəsi məlumdur
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Uels və Azərbaycan futbol yığmaları arasında dünya çempionatının seçmə qrup mərhələsində keçiriləcək oyunun nəticəsi məlumdur. “APA-Sport” agentliyinin İnternet saytında aparılan növbəti sorğu bununla bağlı olub. İki həftə ərzində saytımızı ziyarət edən 82 respondent “Azərbaycan milli komandasının Berti Foqtsun rəhbərliyi altında sentyabrın 6-da səfərdə Uelsə qarşı keçirəcəyi ilk rəsmi matçın nəticəsi necə olacaq” sualını cavablayıb. Sorğuya qatılanların 42,68 faizi tərəflərdən heç birinin qalib gələ bilməyəcəyini düşünür. Berti Foqtsun seçmə mərhələyə qələbə ilə başlayacağı variantı 23 səs toplayıb. Təxminən bir o qədər azarkeş, daha doğrusu müsabiqədə iştirak edənlərin 26,83 faizi isə 3 xalı Uelsin əldə edəcəyini bildirib. İki nəfər isə sorğunun sualına cavab verməyə çətinlik çəkib.
Qeyd edək ki, indiyədək yığmamız Kardiffdən xal gətirə bilməyib. Futbolçularımız Uels paytaxtında keçirdikləri hər iki rəsmi qarşılaşmada məğlubiyyətə düçar olublar (0:4; 0:2).
0