Qara tarixdə yubiley qələbəsinə doğru
05.09.2008 - 12:09
Qara tarixdə yubiley qələbəsinə doğru
Tarixində 8-ci seçmə mərhələyə başlayacaq yığmamız 69-cu qarşılaşmasına çıxacaq. Bu oyunlarda 5 qələbə, 10 heç-heçə və 53 dəfə uduzan komandamız 27 qol vuraraq, 103 dəfə məyus olub.
4-cü dəfə dünya çempionatının seçmə matçlarına qatılacaq millimiz indiyədək cəmi iki qələbə qazanıb. İsveçrəni 1, Slovakiyanı 2 cavabsız qolla üstələyən Azərbaycan yığması 87 aydır dünya birinciliklərinin seçmə oyununda qələbə üzünə həsrət qalıb. Artıq 13 matçda qələbə görməyən komanda 5 dəfə heç-heçə edib və 21 dəfə uduzub. Rəqiblərimizin 60 qoluna futbolçularımız cəmi 8 topla cavab veriblər.
Millimiz seçmə oyunlarda keçirdiyi səfər qarşılaşmalarında qələbə qazana bilməyib. 34 oyunun 32-də uduzan komanda yalnız Serbiya və Çernoqoriya ilə Qazaxıstandan heç-heçəylə qayıdıb. Bunların hər ikisi qitə birinciliyinin seçmə matçında olduğundan, millimiz dünya çempionatlarında səfər xalına həsrətdir: 14 oyun, 14 məğlubiyyət. Səfərdə cəmi iki qola imza atan yığmamız həm də 9 oyunluq qolsuzluq seriyasını qırmalıdır. Ötən dünya çempionatının ilk matçında Rəşad Sadıqovun Uelsə Bakıda vurduğu qol bu yarışlarda millinin son uğurudur.
Azərbaycan yığması tarixində 5-ci dəfə Uelslə qarşılaşacaq. Əvvəlki oyunların ikisi dünya (1:1, 0:2), ikisi Avropa çempionatının (0:2, 0:4) seçmə mərhələsi çərçivəsində baş tutub. Britaniya təmsilçisinə səfərdə qol vura bilməyib 6 dəfə qapısında top görən yığmamız ötən dünya çempionatını da bu rəqiblə başlayıb, bu rəqiblə bitirmişdi.
Dörd il əvvəl seçmə mərhələdə komandamızla ilk oyununa çıxan braziliyalı Karlos Alberto Torres dörd “siftə”yə imza atmışdı. Komandamız Uelsin qapısına ilk qolu vurmaq və ilk xalı almaqla yanaşı, seçmə mərhələni qol və xalla başlamağa nail olub. Həm də yeganə olan bu göstəricilərin təkrarlanmasına çalışacaq Berti Foqts mərhələ oyunlarında üçüncü əcnəbi məşqçidir.
Seçmə mərhələlərdə K.A.Torres 7, Qyoko Hacievski 2 oyun keçirsə də, qələbəyə həsrət qalıb. Komandamız əcnəbi məşqçinin rəhbərliyi altında yubiley - 10-cu seçmə matçına çıxacaq.
Komandamız tarixində 5-ci dəfə sentyabrın 6-da meydana çıxacaq. Yığma üçün bu tarix qara hərflərlə yazılıb. 13 il əvvəl Oserdə Fransadan 10 cavabsız qol buraxan milli iki il sonra Norveçə 0:1, 2003-cü ildə Finlandiyaya 1:2 hesabı ilə uduzub. Komandamızın 6 sentyabr tarixində qazandığı yeganə xal isə iki il əvvəl Qazaxıstanla Bakıdakı uğursuzluq zamanı əldə olunub – 1:1.
Sabahkı matçın baş hakimi Svetan Georgiyev komandamızın seçmə oyununda fit çalacaq 3-cü bolqarıstanlı olacaq. Yığmamızın Rumıniya (Avropa çempionatı-1996-nın seçmə oyunu, 1:4) və Macarıstana (dünya çempionatı 1998-in seçmə oyunu, 1:3) məğlubiyyətlərini onun həmyerliləri qeydə almışdı.


0