İlqar Quluzadə: “Çempionlar Liqasında uğur qazanmaq real deyil”
05.09.2008 - 12:50
Bakı. Mehman Süleymanov - APA-Sport. “Hans-Yurgen Gede ilə “2+1” şərtilə müqavilə imzalamışıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə H.Y.Gedenin təqdimetmə mərasimində deyib. Mövsüm başlayandan sonra yeni baş məşqçi tapmağın elə də asan olmadığını deyən İ.Quluzadənin sözlərinə görə, ukraynalı mütəxəssis Anatoli Demyanenko ilə daha tez vidalaşmalı imişlər: “Demyanenko ilə vaxtında yollarımızı ayırdıq. Əslində, hələ bir az gecikdik. Bunu daha əvvəl etməli olsaq da, İntertoto kuboku başımızı qarışdırdı. Komanda nəticə verməyəndən sonra baş məşqçini vəzifəsindən azad etmək labüddür”. “Neftçi”nin son vaxtlar mətbuatda çox tənqid olunduğunu vurğulayan vitse-prezident yeni baş məşqçinin qarşısında mühüm vəzifələr qoyulduğunu söyləyib: “Xalqın komandası olan “Neftçi” həmişə çempionluq uğrunda mübarizə aparır. Çempionlar Liqası kimi nüfuzlu turnirdə yaxın gələcəkdə böyük nailiyyətlər əldə etməyimiz real deyil. Ancaq UEFA kubokunda böyük uğur qazana bilərik”.
0
0