Rob Reekers: “Neftçi” “Ayaks”ın səviyyəsinə çata bilər”
05.09.2008 - 13:15
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycanda çalışmaq təklifi mənim, elə ailəm üçün də sürpriz oldu. Həftənin çərşənbə günü Almaniyada “Stadloh” klubunda baş məşqçi idim. İndi isə Bakıdayam, “Neftçi”nin məşqçisi kimi işə başlayıram”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi”nin yeni məşqçisi Rob Reekers deyib. Almaniyanın aşağı liqasında çıxış edən “Stadloh”u dördqat Azərbaycan çempionuna dəyişən 42 yaşlı hollandiyalı bunu Hans-Yurgen Gedeyə görə edib: “Neftçi”nin yeni baş məşqçisi olan almaniyalı həmkarım qəfil zəngi ilə mənimlə yenidən bir yerdə işləmək istəyini bildirdi. Onunla bunadək Almaniyada “Rot-Vays Oberhauzen” klubunda iki il bir yerdə çalışmışdıq. Gede ilə bir-birimizi çoxdan tanıyırıq və onunla çalışmaq təklifini qəbul etdim. Həm də “Neftçi”nin yaxşı komanda olduğunu dedi”. Hələ futbolçu karyerası dövründə Almaniyada çıxış edən, 22 ildir ailəsi birgə orada yaşayan R.Reekers Azərbaycan futbolunda çalışacaq ilk hollandiyalı olacaq: “Ölkənizdə işləmək mənim üçün maraqlı olacaq. Burada futbolunuzun inkişafı üçün işlər görmək mümkündür. Futbolçuların fiziki hazırlığından çox şey asılıdır. “Neftçi”nin Avropada güclü futbol məktəbi ilə tanınan “Ayaks” klubu səviyyəsinə çatmasına gəlincə, həyatda hər şey mümkündür. Sadəcə, bu, tez həll olunan məsələ deyil. Vəziyyətlə tanış olub, problemlərin aradan qalxması üçün xeyli səmərəli işlər görmək lazımdır”.
0
0