85 yaşlı yığmanın üçüncü cəhdi
05.09.2008 - 15:30
85 yaşlı yığmanın üçüncü cəhdi
Bakı. Elşən Məmmədov – APA-Sport. Türkiyə milli komandası 85 illik tarixi ərzində üçüncü dəfə dünya çempionatının final mərhələsinə qatılmaq əzmindədir. «APA-Sport»un məlumatına görə, «ay-ulduzlular» 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək Mundialın seçmə tsiklində mübarizəyə başlayırlar. Türklərin ilk sınağı sabah İrəvandakı «Razdan» stadionunda Ermənistan yığmasına qarşı olacaq.
Türkiyə millisi indiyədək cəmi iki dəfə dünya çempionatının həlledici mərhələsində çıxış edib. Bunlardan biri 1954-cü ildə İsveçrədə təşkil olunan Mundiala təsadüf edib. Seçmə mərhələdə «ay-ulduzlular» İspaniyanı püşklə üstələyiblər. Belə ki, ilk oyunda pireneylilər 4:1 hesablı qələbə qazanıblar. Növbəti matçda türklər qalib gəliblər – 1:0. Üçüncü görüş isə heç-heçə ilə başa çatıb - 2:2. Həmin dövrün əsasnaməsinə uyğun olaraq, cütün qalibi püşklə müəyyənləşib. Franko adlı italyan uşağın çəkdiyi püşkə əsasən, İsveçrəyə Türkiyə yığması yollanıb. Lakin türklər final mərhələsində qrup səddini keçə bilməyiblər.
«Ay-ulduzlular» növbəti dəfə 2002-ci il Mundialına qatıla biliblər. Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatında türklər bürünc medal qazanıblar. 3-cü yer uğrunda görüşdə baş məşqçi Şenol Günəşin yetirmələri Cənubi Koreyanı məğlubiyyətə uğradıblar – 3:2.
Türkiyə yığması indiyədək 453 oyuna çıxıb. «Ay-ulduzlular»ın ən böyük hesablı qələbələri 1949-cu ildə Suriya, 1954-cü ildə Cənubi Koreya, 1996-cı ildə isə San-Marino ilə qarşılaşmalara təsadüf edib – 7:0. Ən böyük hesablı məğlubiyyət isə iki dəfə İngiltərə (1984, 1987), bir dəfə isə Polşa milliləri (1968) ilə oyunlarda reallaşıb – 0:8.
Türklər tarixi ərzində daha çox İsveçrəyə qalib gəliblər. Belə ki, Türkiyə yığması 15 matçın 8-də rəqibindən üstün olub. Ən çox məğlubiyyəti isə «ay-ulduzlular» keçmiş SSRİ, Rumıniya və Almaniya yığmalarından alıblar. Bu, 12 görüşdə baş verib.
Qonşu ölkə futbolçuları ən çox qolu (30 dəfə) Bolqarıstanın qapısından keçiriblər. Rumıniya millisi isə türkləri hamıdan çox məyus edib (46 dəfə). Ən çox oyun da (22 dəfə) məhz rumınlarla baş tutub. Türkiyə yığmasının ən bol qollu oyunu isə 20 avqust 1997-ci ildə 6:4 hesablı qələbə qazandığı Uelsə qarşı olub.
«Ay-ulduzlular»ın heyətində ən çox qolu Hakan Şükür vurub. Artıq karyerasını başa vuran futbolçu 112 dəfə formasını geydiyi Türkiyə yığmasının heyətində 51 qola imza atıb. Millidə ən çox oyun keçirən futbolçu isə «Beşiktaş»ın qapıçısı Rüştü Rəçbərdir. Rüştü 118 dəfə yığmanın heyətində meydançaya çıxıb.
Türkiyə yığmasının indiyədək 17 əcnəbi, 24 yerli mütəxəssis çalışdırıb. Komandanın başında hamıdan çox Fatih Terim durub. Hazırda da «ay-ulduzlular»ın sükanı arxasında olan Terim baş məşqçi kimi sabah 78-ci oyununa çıxacaq.
0