“Ermənistan - Türkiyə matçında təxribat gözləniləndir”
05.09.2008 - 18:28
“Ermənistan - Türkiyə matçında təxribat gözləniləndir”
Bakı. Mehman Süleymanov - APA-Sport. Artıq ikinci ildir sentyabr ayında Avropanın təkcə futbol ictimaiyyətinin yox, siyasi xadimlərinin də diqqəti türk-erməni münasibətlərinə yönəlir. Bir il əvvəl Azərbaycanla Ermənistanın futbol yığmalarının qitə çempionatının seçmə mərhələ oyunları baş tutmasa da, bədnam qonşularımız Türkiyə millisi ilə yaşıl meydandakı qarşıdurmadan qaça bilmədi. Bu rəqiblərin böyük prinsipiallıq kəsb edən ilk görüşü artıq sabah İrəvandakı “Razdan” stadionunda baş tutacaq. Maraqlıdır, Azərbaycanda futboluna xidmət edənlər, ölkəmizdə çalışan türkiyəli futbol adamları, həmçinin millimizi ötən il Ermənistanla oyuna çıxarmalı olan baş məşqçi İrəvandakı görüş haqda düşünür? Onların hər birinə eyni suallarla müraciət etdik.

1. Ermənistan - Türkiyə oyununda hansı nəticə gözləyirsiniz?
2. Sizcə, İrəvanda keçiriləcək matçda türklərə qarşı təxribat olacaqmı?
3. Oyunu izləyəcək Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərinə münasibətiniz necədir?
4. Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması Ermənistana getməkdən imtina etdiyi halda, türklərin İrəvana səfəri nə dərəcədə düzgündür?


Rasim Kara, “Xəzər-Lənkəran” klubunun türkiyəli baş məşqçisi:
1. Ermənistanla Türkiyə milli komandaları arasında səviyyə fərqi böyükdür. Həmyerlilərim son Avropa çempionatının bürünc mükafatçısı olduğu halda, ermənilər püşkatmada 5-ci səbətdən çıxıb. Əsas yığmamızın ilk dəfə Ermənistanda çıxış etməsi də görüşün prinsipiallığı artırır. Ermənistan yığmasının öz meydanında yaxşı çıxış etdiyini nəzərə alsaq, bizi orada heç də asan sınaq gözləmir. Təsadüfi deyil ki, 21 yaşlılardan ibarət yığmamız az öncə İrəvanda 1:2 hesabı ilə uduzub. Hər halda, yığmamızın erməniləri məğlub edə biləcəyinə inamım böyükdür. Mən bunun reallaşması üçün dua edirəm.
2. Həmyerlilərim İrəvanda ağır şəraitlə üzləşəcəklər. Oyunda böyük gərginlik olacaq. Belə matçlarda təxribat gözlənilən olsa da, hər halda, futbolçularımızın buna uymayacağına əminəm. Psixoloji durum öz sözünü deyəcək. Komandamızın xal itkisi, ən əsas da məğlubiyyəti təkcə idman yox, siyasi baxımdan da böyük üzüntü olacaq.
3. Ermənilər prezidentimiz Abdulla Gülü İrəvana oyunu izləməyə dəvət etməklə, siyasət işlədirlər. Onlar sanki arada olan soyuq münasibəti aradan qaldırmağa, gərginliyi yumşaltmağa çalışırlar. Gürcüstanda baş verən məlum hadisələrdən sonra Qafqazda vəziyyət gərginləşib. Gülün Ermənistana səfəri siyasi baxımdan düzgün olmasa da, hər halda, idman nöqteyi-nəzərdən bunda müsbət şeylər var. Ölkə prezidentinin prinsipial oyunu izləməyə gəlməsi futbolçulara əlavə güc verəcək. Ancaq Gül İrəvanda yalnız seyrçi olub, Ermənistan rəhbərliyi ilə siyasi-iqtisadi əməkdaşlıqla bağlı müzakirə aparmamağı daha düzgün olardı.
4. UEFA ötən seçmə mərhələdə Azərbaycanla Ermənistan yığmalarını bir qrupa salmaqla, böyük xətaya yol vermişdi. Bu ölkələr arasında vəziyyətin gərgin, ciddi münaqişənin olduğunu nəzərə alsaq, oyunların İrəvan və Bakıda baş tutması real deyildi. Qitə futbol qurumu səhvini sonradan başa düşərək, oyunları ləğv etdi. Türkiyə ilə Cənubi Kipr arasında da ciddi problemlər var. Vaxtilə “Beşiktaş”la bu ölkənin təmsilçisi avrokuboklarda bir-biri ilə düşmüşdü. Cənubi Kiprin komandası oyuna gəlmədiyindən, “Beşiktaş” birbaşa növbəti mərhələyə vəsiqə qazandı. Əslində, Türkiyə ilə Ermənistanın də bir qrupa salınması düzgün deyil. UEFA buna imkan verməməli idi. Artıq buna yol verilibsə, ermənilərin meydanda cavabını vermək lazımdır.

Əmrah Çəlikəl, “Qarabağ” klubunun türkiyəli baş direktoru:

1. Təbii ki, Ermənistanla oyunda milli komandamızın qələbə qazanmasını istəyirəm. Fikrimcə, bunu reallaşdırmaq gücündəyik. Düzdür, Ermənistan futbolu haqda elə də böyük məlumatım yoxdur. Ancaq Türkiyə yığmasını çox güclü, dünya səviyyəli komanda sayıram.
2. Ermənilərin niyyətini bütün dünya bilir. Onlar nə etsələr belə, bizimkilər özlərini toparlamılıdırlar. Yığmamızın üzvlərini inanıram və İrəvanda ciddi təhlükə ilə üzləşməyəcəklərinə ümid edirəm. Hər halda, oyunun prinsipiallığı nəzərə alınaraq, təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetiriləcək.
3. Abdulla Gülün Ermənistana səfər etməsini mən də istəməzdim. Bu addımın düzgün olduğunu deyə bilmərəm. Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” olması elə-belə deyilməyib. Elə dövlət başçımız da Azərbaycanın marağını üstün tutur və onun İrəvana səfəri Dağlıq Qarabağ probleminin həllində bəhrə verə bilər.
4. Azərbaycanla Ermənistan arasında savaş var. Bu üzdən onların oyunlarının baş tutması inandırıcı görünmürdü və belə də oldu. Bizdə isə bu planda vəziyyət fərqlidir.

Şahin Diniyev, Azərbaycan milli komandasının sabiq baş məşqçisi:
1. İlk növbədə onu deyim ki, İrəvanda gözəl futbol gözləməyə dəyməz. Hər iki yığmada psixoloji gərginlik böyükdür və oyunda bunun şahidi olacağıq. Bu mənada ermənilərin işi daha çətindir. Çünki onlar öz meydanında çıxış edirlər və doğma publika qarşısında prinsipial rəqibə boyun əyməyi heç istəməzlər. Hesab edirəm ki, ilk qolu vuran komanda işini xeyli yüngülləşdirəcək və özünəinamı xeyli artacaq. Ermənilər evdə inamlı təsir bağışlasalar belə, türkiyəlilər ustalıq səviyyəsinə görə rəqibi xeyli üstələyir.
2. Ermənistan – Türkiyə oyunu böyük rezonans doğurur. Sözsüz ki, belə matçda təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilir. Fikrimcə, İrəvandakı matçda baş verə biləcək insidentin qarşısının aradan qaldırılması üçün indidən hər bir tədbirlər hazırlanıb.
3. Abdulla Gülün Ermənistana səfəri siyasi məsələdir. Biz isə futbol mütəxəssisləriyik və bu idman növündə baş verənlərə qiymət verməyimiz daha düzgün olardı. Hərə öz işi məşğul olsa, daha yaxşıdır.
4. Ermənistanla bir qrupa düzdüyümüz zamanı mən milli komandamızın baş məşqçimiz idim. Həmin vaxt öz mövqeyini açıq şəkildə bəyan edən Azərbaycan tərəfi sonadək bunun üzərində dayandı. Biz torpaqlarımızı işğal edən ölkəyə gedə bilməzdik. Axı əlaqələri tamamilə kəsdiyimiz, hərbi münaqişədə olduğumuz Ermənistana necə səfər edə bilərdik? Bunu etməklə, Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi tanımış olacaqdıq. Biz bunu qəbul edə bilmərik. Türkiyə ilə Ermənistan arasında isə hərbi münaqişə yoxdur. Türklər İrəvana qalib kimi gəliblər. Ermənilər türklərin soyqırımını bəyan etsə də, əksəriyyət bunu qəbul etmir.
0