Fatih Terim işğalçılara təşəkkür etdi
06.09.2008 - 10:38
Fatih Terim işğalçılara təşəkkür etdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Hələ Türkiyədə olduğumuz zamanı bəyan etmişdim ki, biz Ermənistana döyüşməyə yox, futbol oynamağa gedirik. Biz tarixin yükünü öz üzərimizə götürmək istəmirik. Ermənistan – Türkiyə oyunu qonşu ölkələr arasında yaxşı münasibətlərin başlanğıcına təkan verəcək. Fürsətdən istifadə edərək, Ermənistan tərəfinə yaxşı qəbula görə təşəkkür edirəm”. “APA-Sport”un məlumatına görə, bu fikirləri Türkiyə futbol yığmasının baş məşqçisi Fatih Terim Ermənistan milisi ilə rəsmi oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis bildirib ki, ölkə çempionatında cəmi iki tur keçirildiyindən futbolçularının optimal forma yığmamağı ermənilərə üstünlük vermir: “Futbolçularımız yığmanın düşərgəsinə gələndə dərhal dəyişirlər. Buna görə də hesab edirəm ki, ölkə çempionatımızın gec startı bizə problem yaratmır”.

İspaniyanın Avropa çempionluğunu layiqli hesab edən F.Terim yığmasının bürünc mükafat qazanmasını təsadüfi saymır. O, son qitə birinciliyində uğurlu çıxışın hazırlıq prosesinin nəticəsi olduğunu bildirib: “Hər şeyi bəxtlə bağlamaq düzgün deyil. Biz böyük təcrübə yığmışıq və növbəti məqsədimiz dünya çempionu titulunu qazanmaqdır”.
0