Cırtdanların nağılı
08.09.2008 - 13:46
Cırtdanların nağılı
Uşaqlıqdan “Cırtdanın nağılı” ilə böyüyən gənc futbolçularımız şənbə günü Avropanın cırtdan ölkəsi sayılan Farer adaları ilə oyundan sonra bilmirdilər ki, “işıq gələn tərəfə” getsinlər, yoxsa “it hürən tərəfə”. Fikrimcə, həmin məsum gecədə onları qaranlığa aparmaq ən yaxşı variant idi. Qaranlığa aparmaq və...

* * *

Azərbaycan futbolunun 3 “sönmüş ulduz”u var: Vüqar Nadirov, Vaqif Cavadov və İlqar Qurbanov. Heç vaxt bu futbolçuların möhtəşəm oyununu görməmişik və görməyəcəyik də. Bunlar özlərindən başqa heç kimi bəyənməyən, danışanda ağızlarına çullu dovşan sığışmayan və ayaqları-ayaqlarına dolaşan futbolçuyabənzərlərdir. Cəmi 48 500 əhalisi olan Farer adalarının yığmasına qalib gələ bilməyən Azərbaycan futbolçusunun xalqın içinə çıxmağa, danışmağa haqqı yoxdur. Belələri həvəskar oyunçuları üstələyə bilməyəndən sonra özlərinə Respublika stadionunu son mənzil seçsəydilər, daha yaxşı olardı. Buna xalq arasında ölüb yerə girmək deyirlər...

* * *

Futbol oynaya bilməmək bir yana, U-21-in oyunçularında azarkeşlərdən üzr istəmək qabiliyyəti də yoxdur. 21 yaşın altında gizlənən 24, 25, hətta 26 yaşlı futbolçularımızın psixologiyası belədir: Farer adalarına səfərdə uduzmaq olar, “cırtdan ölkə”nin təmsilçilərinə Bakıda boyun əymək olar, ancaq fanatların ürəyini ələ almaq üçün üzrxahlıq etmək qeyri-mümkündür. Belə yerdə deyiblər ki, boyuna baxıram şükür edirəm, ağlına baxıram fikir edirəm...

* * *

Gəminin qəzaya uğramasında kapitanın da günahı var. Yəni, futbolçuları tənqid edib, baş məşqçi Bernard Lipperti təmizə çıxarmaq fikrində deyiləm. Farer adalarını məğlub edə bilməməyimizdə günahkarlardan biri, bəlkə də birincisi məhz Lippertdir. Ona birdən-birə 3 vəzifə tapşırılıb. U-17 və texniki direktor işlərinə görə, U-21-i qəribçiliyə salmaq lazımdır ki? Bəs bu ölkənin bayrağı, himni, şərəfi necə olsun? Öz aramızdır, futbol ictimaiyyətindən üzr istəməyən Lippert də özünü sındırmadı ha. Bu da alman mədəniyyəti! Ümumiyyətlə, Lippertin məşqçi bacarığına şübhəm var. O, ölkəmizə gələnədək həvəskar komandalarda çalışıb. İndi də dəlləkliyi futbolçularımızın başında öyrənir...

* * *

Əsas milli komandamızdakı inkişaf göz qabağındadır. Berti Foqts döyüşkən, mübariz kollektiv formalaşdırmaqdadır. Lakin gələcəyə nikbin baxa bilmirəm. U-21-ə gələcəyi olmayan gənclər toplaşıb. Onlar məğlub psixologiyasına malikdirlər. Bir halda ki, azərbaycanlı “mütəxəssis” Vaqif Paşayev “Lixtenşteyni udmaq çətin olacaq” ifadəsini işlədirsə, deməli, bu məmləkətin məşqçisi də, futbolçusu da məğlubiyyət bataqlığında üzür. Qitənin ən zəif komandasından da zəif olan olimpiya yığmamızın üzvləri bundan sonra nə öyrənəcəklər? Qırxında öyrənən, gorunda çalır axı...

* * *

Bəziləri Farer adaları ilə görüşdə bir xal qazandığımız üçün sevinə və mənim üzrxahlıq barədə söhbətlərimə sayıqlama kimi yanaşa bilərlər. Başqalarını deyə bilmərəm, amma mən “cırtdan ölkə”nin yığmasını məğlub etməyi bacarmayan futbolçularımızın yerinə utanıram. Milli folklorumuzun bəzəyi olan cırtdan personajı elə bizim gənc futbolçuların boyuna biçilib...


0