Foqtsun ürəyi Şotlandiyada qalıb
08.09.2008 - 14:45
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Berti Foqts Şotlandiya milli komandasına kömək etmək istəyir. “APA-Sport”un məlumatına görə, 62 yaşlı almaniyalı mütəxəssis britaniyalılara öz köməyini təklif edib. Vaxtilə çalışdırdığı Şotlandiya yığmasının Makedoniyaya 0:1 hesabı ilə uduzması Azərbaycan millisinin baş məşqçisini də narahat edib. Foqts bildirib ki, sentyabrın 10-da İslandiya ilə görüşəcək şotlandiyalıların baş məşqçisi Corc Barliyə məsləhət verməyə hazırdır: “Cəmi üç həftə əvvəl Reykyavikdə oynadığımızdan bu rəqibə bələdəm. Əlimin altında beynəlxalq səviyyədə oynamaq iqtidarında olan cəmi 12 futbolçu olsa da, İslandiya ilə heç-heçə etməyi bacardıq. Hətta uda da bilərdik. Şotlandiya isə qələbə qazanmalıdır. İslandiya yığması heç də bir müddət əvvəlki komanda deyil. Şotlandiya millisinin düşərgəsində İslandiya üzərində qələbəni arzulayan varsa, mənim kömək etmək istəyimi də nəzərə alsın. Mən məsləhətlərimlə bir müddət əvvəl xoş günlər keçirdiyim ölkəyə xeyir verməyə xoşbəxt olaram”.
0
0