Lixtenşteyn tarixi
09.09.2008 - 11:49
Lixtenşteyn tarixi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandası tarixinin ən böyük hesablı qələbəsini Lixtenşteynlə görüşdə qazanıb. “APA-Sport”un məlumatına görə, bu uğur (4:0) 1999-cu il iyunun 5-də Avropa çempionatının seçmə oyununda reallaşıb. Həmin görüşdə qolları Qurban Qurbanov, Vyaçeslav Lıçkin, Mirbağır İsayev və Zaur Tağızadə vurub. O vaxtkı heyətdən yalnız Mahmud Qurbanov hazırda komandamızın düşərgəsindədir.

Azərbaycan və Lixtenşteyn yığmalarının ilk qarşılaşması 1998-ci il oktyabrın 14-də baş tutub. Bu matçda 2:1 hesablı qələbə qazanan “cırtdan”ların ilk qolunu indi də yığmada oynayan Mario Frik vurub. Millimizin heyətində isə Qurban Qurbanov fərqlənib. Həmin qələbə Lixtenşteynin tarixinə düşüb.

Tarixində ilk görüşünü 1981-ci ildə Malayziyaya qarşı keçirən Lixtenşteyn 1:0, bir il sonra Çini 2:0 hesabı ilə məğlub edib. 1994-cü ilədək yalnız yoldaşlıq görüşlərində qüvvəsini sınayan rəqibimiz 14 il əvvəl seçmə mərhələyə qatılıb. Lakin Çin üzərindəki zəfərdən sonra Lixtenşteyn 3 xala həsrət qalıb. Amma 1998-ci ildə Azərbaycanla üz-üzə gələnədək. 16 il rəqiblərini yenə bilməyən yığma həm də seçmə mərhələdə ilk qələbəsini qazanıb və yenidən beşillik “yuxuya” gedib.

2003-cü ildə Səudiyyə Ərəbistanı ilə qarşılaşan Lixtenşteyn yoldaşlıq matçlarında üçüncü və sonuncu qələbəsini qazanıb. Əvəzində 2006-cı ilin dünya və 2008-ci ilin Avropa çempionatının oyunlarında “cırtdan”lar Azərbaycan üçün hələ ki fantastika olan nəticələr əldə edib. Onlar hər iki mərhələdə iki qələbə qazanıb. Əvvəl Lüksemburq hər iki oyunda, özü də hər ikisində də böyük hesabla (3:0, 4:0), ötən tsikldə isə Latviya (1:0) və İslandiya (3:0) diz çökdürülüb. Tarixində 8 qələbəsi olan Lixtenşteyn yığmamız kimi seçmə mərhələlərdəki 14 ildə cəmi 5 qələbə qazansa da, daha çox qol vurub. Millimiz 27, lixtenşteynlilər isə 30 dəfə fərqlənib. Heç-heçə və buraxılan qolların sayında isə “cırtdan”lar bizə həsəd apara bilər.

Lixtenşteyn tarixində ikinci dəfə sentyabrın 10-da meydana çıxacaq. Beş il əvvəl onlar səfərdə İngiltərəyə uduzub – 0:2. Yığmamız isə 11 il əvvəl bu tarixdə Budapeştdə Macarıstana yenilib – 1:3.

Lixtenşteyn yığmasını çalışdıran 56 yaşlı Hans Peter Zauq 2006-cı ilin dekabrından bu vəzifədə çalışır. 1999-2000-ci illərdə İsveçrə milli komandasının baş məşqçisi olan bu mütəxəssis indiyədək 7 il Roy Hocson, Artur Jorje kimi çalışdırıcıların yığmadakı köməkçisi olub. Bundan sonra “Qrasshoppers”, “Yanq Boyz” kimi klublara rəhbərlik edib.

Millimizin sabiq baş məşqçi əvəzi Qyoko Hacievskinin də Lixtenşteynin futbol tarixində öz yeri var. Məhz onun rəhbərlik etdiyi Makedoniya yığması Lixtenşteynin tarixində ən ağır yenilgisinin müəllifi olub. 11:1 hesabı ilə uduzan lixtenşteynlilərin qapısına iki qolu Saşa Çiriç, birini Georgi Xristov vurub. Georgi indi də Hacievskinin rəhbərliyi altında “Bakı”da çıxış edirsə, Çiriç menecer kimi təmsilçimizlə sıx əlaqədədir. Bu matç 1996-cı il noyabrın 9-da dünya çempionatının seçmə mərhələsində keçirilib.

Sentyabrın 7-də ad gününü qeyd edən lixtenşteynlilərin lideri Mario Frik millidə 80 matça 13 qol vurmaqla, hər iki göstəricidə liderdir. Üç ildir İtaliyanın A seriyasında çıxış edən Mario heç də “Syena”nın ehtiyat oyunçular skamyasında “çürümür”. Cari mövsümün ilk turunda da iştirak edən Frik son iki mövsümdə A seriyasında 50 qarşılaşmada 10 qol vurub. Son qolunu ötən mövsümün gümüş mükafatçısı “Roma”nın qapısından keçirib.
0