Foqtsun Bakıda ilk sınağı
09.09.2008 - 13:15
Foqtsun Bakıda ilk sınağı
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah Azərbaycan milli komandası 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində ikinci oyununu keçirəcək. “APA-Sport”un məlumatına görə, tsiklə Uelslə səfər oyununda minimal hesablı məğlubiyyətlə (0:1) başlayan yığmamızın baş məşqçisi Berti Foqts Bakıda ilk sınağa çıxacaq. Bu ilin aprelində milli komandamızın sükanı arxasına keçən 62 yaşlı almaniyalı mütəxəssis indiyədək bütün oyunlarını səfərdə keçirib. Azərbaycan onun rəhbərliyi altında keçirdiyi 5 görüşün 3-də uduzub, 1-də heç-heçə edib, 1-də qalib gəlib.

Yeganə qələbəsini (2:1) Andorra üzərində qazanan Foqts bu dəfə də “çırtdan ölkə”nin təmsilçisi ilə görüşəcək. Yeni seçmə mərhələdə ilk ev oyununu Lixtenşteynə qarşı keçirəcək Azərbaycan yığmasının əcnəbi baş məşqçiləri arasında məhz Foqts “siftə” edə bilər. Məsələ ondadır ki, braziliyalı Karlos Alberto Torreslə makedoniyalı Qyoko Hacievski milli komandamızın sükanı arxasında rəsmi matçlarda qələbə qazana bilməyib. Dünya çempionu Torres 2004-cü ilin mayın 28-də Bakıda Özbəkistan yığmasını məğlub etməklə (3:1) təsəlli tapdısa, Hacievskiyə heç bu da qismət olmadı.

Milli komandamız son iki seçmə mərhələdə ilk ev oyununu eyni nəticə ilə başa vurur. Belə ki, həm Uels, həm də Qazaxıstanla Tofiq Bəhramov adına Respublika stadionunda görüşlər 1:1 hesabı ilə başa çatıb. Maraqlıdır ki, hər iki halda hesabı azərbaycanlı futbolçular cərimə zərbəsini dəqiq yerinə yetirməklə açıb. Uelsi Rəşad Sadıqov, Qazaxıstanı isə milliləşən braziliyalı Andre Ladaqa cəzalandırıb.

Bundan əvvəlki seçmə mərhələlərdə ilk ev oyunlarımızda İtaliyaya 0:2, Macarıstana 0:4 hesablı məğlubiyyət, İsveçrə üzərində 1:0 hesablı qələbə qeydə alınıb. 1996-cı ilin avqustun 31-də Respublika stadionunda isveçrəlilərlə elə dünya çempionatının seçmə mərhələsi çərçivəsindəki görüş Azərbaycan futbol tarixinə düşüb. Belə ki, Bakıda ilk rəsmi matçını keçirən milli komandamız bunu tarixi ilə qələbə ilə qeyd edib.

Foqtsun Uelslə oyunla müqayisədə əsas heyətdə böyük dəyişiklər edəcəyi gözlənilmir. Əsas dəyişiklik oyun qurucusu yerinə yetirən futbolçu ilə bağlı olacaq. Belə ki, milliləşən braziliyalı Fabio Luis Ramimi Kardiffdə meydandan qovulduğu üçün sabah oynamayacaq. Belə olan halda, yığmamızda yenidən pleymeyker funksiyasını Mahmud Qurbanov icra edəcək. 35 yaşlı yarımmüdafiəçi Foqtsun rəhbərliyi altında yalnız bir dəfə əsas heyətdə yer alıb ki, bu da Andorra ilə görüşə təsadüf edib.

Soyuqdəymədən əziyyət çəkdiyi üçün Uelsə yollanmayan Aleksandr Çertoqanov artıq sağalaraq, Lixtenşteynlə oyunun hazırlığına cəlb edilib. Onun sabah meydana çıxmaq şansı az deyil.

Qeyd edək ki, sabah 21:00-da başlayacaq Azərbaycan - Lixtenşteyn oyunu Az.TV ilə canlı yayımlanacaq.
0