Foqts Azərbaycanı nağıllar diyarı sayır
09.09.2008 - 15:11
Foqts Azərbaycanı nağıllar diyarı sayır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Georgi Adamiyanın milliləşdirilərək, milli komandaya cəlb ediləcəyindən xəbərim yoxdur. Azərbaycan nağıllar ölkəsidir və burada çoxlu nağıl danışırlar. Mənə ləzzət edənədək, bu nağıllar diyarında qalıb işləyəcəyəm”. “APA-Sport”un məlumatına görə, bunu Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts deyib. Bu gün AFFA-nın mənzil-qərargahında təşkil etdiyi mətbuat konfransında almaniyalı mütəxəssis bildirib ki, vətənində yerli telekanala verdiyi müsahibə təhrif olunub: “Həmin müsahibədə AFFA prezidentini, ümumiyyətlə, rəhbərliyi nəzərdə tutmamışam. Onlarla hansısa problemim yoxdur. Əslində, həmin müsahibədə mən buradakı jurnalistləri nəzərdə tutmuşam ki, bu da səbəbsiz deyil. Çünki mətbuat nümayəndələri məndən çox şey tələb edirlər”.

Foqts Nodar Məmmədovun milli komandamıza hansı səbəbdən cəlb olunması ilə bağlı sualı isə çılğın cavab verib: “Həmin sual verən jurnalistin futboldan başı çaxmır. Nodarı ona görə cəlb etmişəm ki, o, sol ayağı ilə güclü oynayır. Məmmədov Azərbaycanda sol ayağı ilə ən yaxşı oynayan cinah müdafiəçidir”.

Baş məşqçi sabah Lixtenşteynlə görüşə qələbə üçün çıxacaqlarını vurğulayıb: “Lixtenşteynin Almaniya ilə oyunu izləmişəm. Həmin matçda rəqibimiz 0:6 uduzsa da, heç də pis təsir bağışlamadı. Lixtenşteynin Fransa, İsveçrə, Avstriya, İtaliyada çıxış edən oyunçuları var. Bizdə isə bunların sayı cəmi azdır və Azərbaycan Premyer Liqasının səviyyəsi lixtenşteynli futbolçuların çıxış etdiyi liqadan zəifdir. Üstəlik, burada legionerlərə qoyulan limit ləğv olunub. Mən özümdən razı deyiləm və hər bir rəqibə olduğu kimi, Lixtenşteynə də hörmət edirəm. Ancaq biz ilk ev oyununda yalnız qələbə qazanmağa məhkumuq. Bununla həm Azərbaycan xalqını sevindirmək, həm də indiyədək çəkdiyimiz əziyyətin bəhrəsini görmək istəyirik. Lixtenşteyni 1:0 hesabı ilə məğlub etsək, bu, məni çox razı salacaq”.





0