Uli Ştayn Azərbaycanda çalışan məşqçilərə sataşdı
09.09.2008 - 15:31
Bakı. Mehman Süleymanov - APA-Sport. “Kamran Ağayevin Uelsdə göstərdiyi oyundan sonra Azərbaycan yığmasında bir nömrəli qapıçı olacağını deyə bilmərəm. Bunda əsas söz sahibi baş məşqçidir və məşq prosesindən sonra birgə müzakirə nəticəsində qərarımızı verəcəyik”. “APA-Sport”un məlumatına görə, bu fikirləri Azərbaycan futbol yığmasının məşqçisi Uli Ştayn deyib. Milli komandamızda qapıçılarla işləyən almaniyalı mütəxəssis bildirib ki, Kamran Ağayevin klubunda ehtiyatda qalmasını başa düşmür: “Qapıçıya klubunda oyun praktikası vacibdir. Kamran isə son vaxtlar nadir hallarda meydana çıxdığından bu problemlə üzləşib. “Millenium” stadionunda keçirilən oyundan öncə Ağayevlə psixoloji planda mətbuatda yazıldığı kimi 40 yox, 4 dəqiqə söhbət etmişik. Bəxtimiz onda gətirdi ki, Uelsə 0:4, 0:5 yox, 0:1 hesabı ilə uduzduq”. U.Ştayn Premyer Liqa klublarımızın “bostanına da daş atıb”. Burada çalışan həmkarlarını günahlandıran almaniyalının sözlərinə görə, klublarımızda məşq prosesi çox aşağı səviyyədədir: “Futbolçular klublardan qayıtdıqdan sonra hər şeyi sıfırdan başlamalı oluruq. Çünki Azərbaycan klublarında məşq prosesi lazımı səviyyədə deyil. Hətta yığmanın üzvləri bundan şikayət edirlər. Mən başa düşmürəm, klublardakı çalışanlar məşq keçmək istəmirlər, yoxsa başqa səbəb var. Azərbaycanlı futbolçuların oyununa baxanda sanki televiziyada matçın videotəkrarını izləyirsən”
0
0