Çarşablı qadınlar futbolçunu təəccübləndirdi
10.09.2008 - 10:30
Çarşablı qadınlar futbolçunu təəccübləndirdi
Bakı - APA-Sport. “Fənərbaxça”nın ispaniyalı hücumçusu Daniel Quiza Türkiyə küçələrində qəribə halla rastlaşdığını deyib. “APA-Sport” məlumatına görə, İstanbulda və ölkənin digər şəhərlərində çarşablı qadınların yaşaması 28 yaşlı futbolçunun təəccübünə səbəb olub. Quiza bildirib ki, belə qadınlarla rastlaşanda fantaziyanı işə salmaq lazımdır: “Türkiyə mədəniyyəti İspaniyadan çox fərqlənir. Bu fərqin yaxşı və ya pis mənada olduğunu deyə bilmərəm. Türkiyədə diqqətimi çəkən ən böyük məqam başdan ayağadək örtüyə bürünən çarşablı qadınlardır. Çarşabın altındakının kim olduğunu müəyyənləşdirmək üçün isə yalnız xəyal edib, tapmaq mümkündür”.

Buna baxmayaraq, Quiza İstanbuldakı həyatından razı qaldığını vurğulayıb: “Türkiyəyə futbol oynamağa və pul qazanmağa gəlmişəm. Mənə yaxşı şərait yaradılıb, hər şeylə təmin olunmuşam. Üstəlik, türk yeməklərini də sevirəm”.

Qeyd edək ki, “Fənərbaxça” rəhbərliyi Quiza ilə bu ilin yayında keçirilmiş Avropa çempionatdakı parlaq oyunundan sonra anlaşıb.
0