Lixtenşteynlə də bacarmayan yığma - FOTOSESSİYA
11.09.2008 - 10:08
Lixtenşteynlə də bacarmayan yığma - FOTOSESSİYA
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi ikinci oyunda da qələbəyə həsrət qaldı. “APA-Sport”un məlumatına görə, dörd gün əvvəl Kardiffdə Uelsə uduzan (0:1) milli komandamız bu dəfə doğma publika qarşısında Lixtenşteynlə heç-heçə oynadı - 0:0.

Matçda erkən qol vurmağa çalışan yığmamızın bu istəyinin baş tutmaması ilə işi çətinləşdi. Qapalı futbola üstünlük verən lixtenşteynlilər sıx müdafiə olunmaqla, qapılarının toxunulmazlığını təmin etdilər. Futbolçularımızın ilk yarıda qol vurmaq üçün imkanları olsa da, fasilədən sonra heç bunu da görmədik. İkinci hissədə meydana çıxan Cavid Hüseynovla braziliyalı Leandro Qomeş də hücum xəttini gücləndirə bilmədi. Onlar gözlənildiyindən də zəif çıxış etməklə ümidləri doğrultmadılar.

Ümumiyyətlə, yığmamızın baş məşqçisi Berti Foqtsun əvəzetmələrini yanlış saymaq olar. Belə ki, rəqib hücum etməkdə çətinlik çəkdiyi halda, Foqts müdafiəyə meylli oyunçuları meydanda saxlamaqla, qorxaq məşqçi olduğunu göstərdi. O, yaradıcı futbolçular Elvin Məmmədovla Mahmud Qurbanovu əvəzlədikdən sonra qələbə ümidlərimiz daha da azaldı. Nəticə üçün narahatlıq keçirən AFFA prezidenti Rövnəq Abdullayev də dözməyərək, tez-tez ayağa qalxır və komandamız üçün çılğın azarkeşlik edirdi. Ancaq nə yazıq ki, futbolçularımız Respublika stadionuna toplaşan 26 min azarkeşi çox məyus etdi.

Hər halda, Bakıda Lixtenşteyni də nəinki məğlub edə, heç qapısına qol da vura bilmiriksə, onda digər rəqiblər - Almaniya, Rusiya, Finlandiya və Uelslə oyunlardan nə gözləmək olar? Tarixində ilk rəsmi qələbəsini (2:1) 10 il öncə Azərbaycan üzərində qazanan Lixtenşteyn sübut etdi ki, həmin müddətdə futbolu irəliləyib, bizdə isə...

Qeyd edək ki, milli komandamız növbəti rəsmi oyununu oktyabrın 11-də səfərdə Finlandiya yığması ilə keçirəcək.

















0