Azərbaycan yığması Avropada üçüncüdür
11.09.2008 - 13:55
Azərbaycan yığması Avropada üçüncüdür
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığması dünya çempionatının seçmə oyunlarında intizamsızlığı ilə seçilir. “APA-Sport”un məlumatına görə, milli komandamız ilk iki oyunda “Fair-Play” əmsalı üzrə passivinə 9 xal yazdırıb. Altı oyunçusu sarı vərəqə alan yığmamızın yarımmüdafiəçisi Fabio Luis Ramimin də hesabında qırmızıya çevrilən iki xəbərdarlıq var.

Uelslə sentyabrın 6-da keçirilən qarşılaşmada Ramimdən başqa 4, Lixtenşteynlə dünən baş tutan matçda isə 2 futbolçumuz hakimin əlini cibinə salmasına səbəb olub. Sarı vərəqələrin 1, qırmızıların 3 xalla qiymətləndirildiyini nəzərə alsaq, yığmamızın cərimə xalları üzrə “lider qrupunda” olduğunu görərik. Bu səbəbdən Azərbaycan dünya çempionatının seçmə mərhələsində iştirak edən qitənin 53 komandasından yalnız ikisindən geri qalır.

Belə ki, Lüksemburq 12, Andorra 11 sarı vərəqə ilə Azərbaycan yığmasını ilk iki pillədən uzaq salıb. Bizdən fərqli, bu iki ölkənin yığması yalnız sarı vərəqlərin hesabına irəli çıxıb. Yeddi sarı vərəqəsi olan Sloveniya, həmçinin 6 dəfə xəbərdarlıq alan daha 4 milli komanda qırmızı vərəqə almadığından üçüncü yeri Berti Foqtsun yetirmələrinə güzəştə gedib.

Düzdür, 8 yığma cəmi 1 oyun keçirdiyindən onların vərəqə sayında bizi keçməsi mümkündür. Lakin bu komandalar qol sayını da artıra bilər. Bu göstəricidə isə millimiz sonuncu yerdədir. FİFA intizamsızlarla yanaşı, qolçuların da siyahısını yeniləyib. İki oyunda qol vurmayan millimiz qitənin 53 yığması arasında ən zəif 7 komandadan biridir.
0