“Beşiktaş”ın futbolçusu imtahandan kəsildi
11.09.2008 - 17:13
“Beşiktaş”ın futbolçusu imtahandan kəsildi
Bakı - APA-Sport. “Beşiktaş” klubunun futbolçusu İbrahim Toramanın ali təhsil almaq istəyi baş tutmayıb. “APA-Sport”un məlumatına görə, Mərmərə Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsinə sənəd verən müdafiəçi imtahandan kəsilib. O, topla hərəkət, topa nəzarət və dəqiq zərbələrə aid normativi yerinə yetirə bilməyib. Türkiyə milli komandasının sabiq üzvü bu tapşırıqların öhdəsindən nəzərdə tutulandan gec, 90 saniyəyə gəlib.

Mərmərə Universitetinin rektoru Sami Mengütay tanınmış futbolçunun imtahanda uğursuzluq yaşamasına görə məyusluğunu gizlətməyib: “Toramanın universitetimizin tələbəsi olmasını istəyirdim. Əslində, o, rekord qıra biləcək idmançıdır. Ancaq təəssüf ki, onun topladığı xal universitetə daxil olmaq üçün yetərli deyil”.

Yeri gəlmişkən, Türkiyənin digər 3 tanınmış futbolçusu tələbə adını qazanıb. Belə ki, yığmanın heyətində Avropa çempionatının bürünc mükafatına layiq görülmüş “Fənərbaxça”lılar Semih Şentürklə Uğur Boral Mərmərə Universitetində, “Qalatasaray”ın müdafiəçisi Sərvət Çətin isə İstanbul Universitetində təhsil alacaq.

Onlar qitə birinciliyində uğurlu oyun göstərdiklərindən universitetə imtahan vermədən qəbul olunublar.
0