Karlos Alberto Torres balet tamaşasının personajı oldu
12.09.2008 - 18:00
Karlos Alberto Torres balet tamaşasının personajı oldu
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan futbol yığmasının sabiq baş məşqçisi Karlos Alberto Torres balet tamaşasının personajı olub. “APA-Sport”un məlumatına görə, milli komandamızın çalışdırıcısı İngiltərənin Liverpul şəhərində nümayiş etdirilən yeni balet əsərində diqqətə gəlib. “Gözəl oyun” baleti bütövlüklə futbola həsr edilib. İngiltərə milli baletinin hazırladığı proqram 10 xoreoqrafik səhnədən ibarət olub.

Bu fraqmentlərin hər biri müxtəlif oyun epizodlarının səhnədəki təcəssümüdür. Epizodlar ingiltərəli azarkeşlər arasında aparılan sorğu nəticəsində seçilib və aktyorlar üzərlərinə düşən rolları yaxşı ifa etmək üçün həmin anları dəfələrlə izləyiblər. Baletin 8-ci fraqmenti 1970-ci ildə keçirilmiş dünya çempionatında Karlos Alberto Torresin fərqləndiyi epizoddan bəhs edir. Baletə tamaşa edənlər braziliyalının finalda İtaliya yığmasının qapısına vurduğu həlledici qola bu dəfə səhnədə baxıblar.

Torreslə yanaşı, Ceff Herstin qolu da səhnədə nümayiş olunub. 1966-cı ildə baş tutmuş dünya çempionatının finalında Almaniyanı məyus edən ingiltərəlinin qolunu azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramov hesaba alıb.

Eyni zamanda, argentinalı Dieqo Maradona, hollandiyalı Yohan Kroyff, ingiltərəlilər Qordon Benks, Devid Bekhem, kolumbiyalı Rene İqita, şotlandiyalı Arçi Cemill də baletin personajları olub. İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Pol Qaskoyn isə iki fraqmentin əsas qəhrəmanına çevrilib.
0