Terimin kişi sözü
15.09.2008 - 13:40
Terimin kişi sözü
Bakı. Kənan Həsənov - APA-Sport. “Belçika ilə oyundan sonra xoşagəlməz olayları təhlil etdim. Gərək rəqib məşqçinin təhriklərinə cavab verməyəydim. Haqlı olsam da, özümü saxlamalıydım. Həmin anda səhv etdiyimi boynuma alıram”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim söyləyib.

Təcrübəli mütəxəssis Belçika yığmasının çalışdırıcısı Rene Vandereykenlə münaqişəyə girişdiyi üçün jurnalistlərdən üzr istəyib: “Həmkarlarıma, komandamın üzvlərinə, jurnalistlərə və azarkeşlərə bir üzr borcum var. Çünki mənim kimi bəlli karyerası və təcrübəsi olan şəxs buna getməməli idi. Təəssüf ki, gərginlik səbəbindən səhv davranışa yol verdim”.

Terim Belçika ilə oyun ərəfəsində tanınmış idman şərhçisi Osman Tanburacı ilə aralarında yaranan problemə də münasibət bildirib. 55 yaşlı məşqçi jurnalisti haqlı yerə təhqir etdiyini və üzr istəmək fikrində olmadığını vurğulayıb: “Bu məsələdə bir addım da geri atmaq fikrim yoxdur. Artıq problemi məhkəmə həll edəcək. Bu iki kişinin arasında olan məsələdir”.


0