Foqtsun canına dua edirlər
15.09.2008 - 16:11
Foqtsun canına dua edirlər
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts vaxtilə çalışdığı Şotlandiyada yenə yada düşüb. “APA-Sport”un məlumatına görə, almaniyalı mütəxəssisi bu dəfə Şotlandiya milli komandasının müdafiəçisi Qari Kaldvell xatırladıb.

Britaniyalıların 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində ötən həftə İslandiya üzərində 2:1 hesablı qələbəsinin ardından müsahibə verən 26 yaşlı müdafiəçi deyib ki, şərəfini qoruduğu yığma Cənubi Afrika Respublikasına yollanmaq hüququ qazanacağı təqdirdə, Foqtsa minnətdar olmalıdır. Kaldvell əcnəbi məşqçinin seleksiya işini xüsusilə bəyənib. O, hazırda milli komandanın aparıcı oyunçularının bir neçə il öncə Foqts tərəfindən kəşf edildiyini söyləyib.

“Mənim yığmada debütüm 6 il əvvələ təsadüf edir. “Hibernian”da oynadığım vaxt, Foqts mənə dəvət göndərdi və Fransa ilə matçda forma geyindim” - deyə Kaldvell vurğulayıb.
“Seltik”in müdafiəçisi bildirib ki, Foqts Şotlandiya komandasına yeni oyunçular çağırdığı üçün kəskin tənqidlərə məruz qalıb: “Mənimlə yanaşı, Ceyms Makfadden, Kreyq Qordon və Darren Fletçer də yığmanın debütantı sayılırdı. Bu addımına görə Foqtsu tənqid etdilər. Lakin biz yaxşı təsir bağışladıqdan sonra almaniyalı məşqçinin düzgün seçim apardığı məlum oldu”.

Qeyd edək ki, 2002-ci ildə Şotlandiya yığması ilə müqavilə bağlamış Foqts 2 il sonra istefaya göndərilib. Onun baş məşqçi postundan qovulmasında Hollandiya (0:6), Fransa (0:5), Uels (0:4), Cənubi Koreya (1:4) və Macarıstanla (0:3) görüşlərdəki böyük hesablı məğlubiyyətlər əsas rol oynayıb.
0