Araqonesdən futbolçulara “soyuq duş”
16.09.2008 - 10:14
Araqonesdən futbolçulara “soyuq duş”
Bakı - APA-Sport. “Fənərbaxça”nın Türkiyə Superliqasının son turunda “Hacettepe”yə uduzması (1:2) komandanın baş məşqçi Luis Araqonesi qəzəbləndirib. “APA-Sport”un məlumatına görə, ispaniyalı çalışdırıcı görüşün ertəsi günü “sarı-lacıvərdlilər”i bir araya gətirərək, onları o ki var tənqid edib. 70 yaşlı mütəxəssis sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Porto”ta qarşı keçiriləcək oyunqabağı bacarığından, təcrübəsindən, yaşından asılı olmayaraq, əksər futbolçuları danlayıb.

Araqones “Fənərbaxça”nın braziliyalı ulduzu Roberto Karlosdan parlaq oyun tələb edib: “Keçmişin, karyeran məni maraqlandırmır. “Real”da necə qaçırdınsa, canfəşanlıq edirdinsə, burada da elə olmalısan”. Baş məşqçi matçın gedişində qırmızı vərəqə aldığından komanda yoldaşlarını çətin vəziyyətdə qoyan qapıçı Volkan Dəmirəli çılğınlıqda günahlandırıb: “Sanki sən əl qumbarasısan, hər an partlaya bilərsən. Hətta azarkeşlər də səni qorxa-qorxa izləyirlər. Bu arada çox məsuliyyətsizlik edirsən”.

Araqones ən çox müdafiəçi Can Aratı danlayıb. Çünki Can rəqibin vurduğu ilk qolda kobud səhv buraxıb, daha sonra avtoqola imza atmışdı: “Mən sənə güvəndim, əvəzində məni rüsvay etdin. İnanılmaz səhvlərə yol verdin. Gələcək oyunlarda sənə necə etibar eləyə bilərəm?” Bundan başqa, Araqones yarımmüdafiəçi Kazım Kazımı da tənqid edib: “Artıq məni hövsələdən çıxarırsan. Səndən yeganə istəyim budur ki, meydanda ciddi olasan”.
0