Zaur Ramazanov müqaviləsini uzatdı
16.09.2008 - 11:24
Zaur Ramazanov müqaviləsini uzatdı
Bakı. Mehman Süleymanov – APA-Sport. “Müqaviləni üç illiyə uzatmaq təklifi “Qarabağ”dan gəldi. Mən də tərəddüd etmədən razılığımı verdim”. Bunu “APA-Sport”a açıqlamasında Ağdamın “Qarabağ” klubunun hücumçusu Zaur Ramazanov deyib.

Cari mövsümün startında “Xəzər-Lənkəran”ı tərk edən 32 yaşlı futbolçu yeni klubu ilə bir illik anlaşmışdı. Sonradan fikrini dəyişən Ramazanov uzun müddətli müqavilə bağlamaqdan çəkinmir: “Təklif etsəydilər, lap beş illik müqavilə bağlayardım. “Qarabağ”da çıxış etmək məni qane edir. Bu komandada oynamaq rahatdır. Elə bu səbəbdən anlaşma çox asan oldu”.

Futbolçu karyerasını hazırkı klubunda başa vurmağın razı olan Zaurun sözlərinə görə, hələ bu haqda düşünmür: “Nə qədər qaça bilirəm, futbol oynayacağam. Ancaq 40 yaşınadək çıxış etmək fikrində də deyiləm. Özümə hörmət edən futbolçuyam və karyeramı bu yaşadək davam etdirmək istəmirəm. Elə 35 yaş getmək üçün ən yaxşı vaxtdır. “Qarabağ”la müqaviləm başa çatanda bu yaşda olacağam. Sağlıq olsun, karyeramı elə bu klubda bitirərəm”.
0