Jurnalistlər UEFA-ya şikayət etdi
16.09.2008 - 18:08
Jurnalistlər UEFA-ya şikayət etdi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Rumıniya Futbol Federasiyasında və klublarda çalışan bəzi rəsmilərin hərəkətlərindən qəzəblənən yerli jurnalistlər UEFA-ya şikayət məktubu ünvanlayıb. “APA-Sport”un məlumatına görə, media işçilərinin həmkarlar ittifaqı son vaxtlar müşahidə olunan xoşagəlməz hadisələrin siyahısını qitə futbol qurumuna təqdim edib. Litvaya məğlubiyyətdən sonra hirslərini jurnalistlərdən çıxmaq məqsədilə onları daş-qalaq edən Rumıniya millisinin futbolçuları, həmkarlarımıza qarşı aqressiv davranan “Politexnika”nın baş məşqçisi və “Ploeşti”nin prezidentinin hərəkətləri həmkarlar ittifaqını sərt tədbirlərə əl atmağa vadar edib. Jurnalistlər onların hüquqlarının tapdalanmasına göz yuman, hətta şərait yaradan Rumıniya Futbol Federasiyasının prezidenti Mirça Sandunu bu əməlləri ört-basdır etməkdə günahlandırıb. Futbolçuların media işçilərinə hücum çəkməsi videokadrlarda əks olunsa da, federasiya yığma oyunçularının şıltaqlığına göz yumub. UEFA-dan kömək və belə halların təkrarlanmamağını istəyən jurnalistlər müraciətin bir nüsxəsini də Beynəlxalq Jurnalistlər Federasiyasına göndərib.
0