Fatih Terimə yeni müştəri
17.09.2008 - 10:32
Fatih Terimə yeni müştəri
Bakı - APA-Sport. Türkiyə futbol yığmasının baş məşqçisi Fatih Terimə növbəti iş təklif olunub. “APA-Sport”un məlumatına görə, “İmperator” ləqəbli çalışdırıcıya İspaniyanın baş naziri Xose Luis Rodriges müştəri çıxıb. Rodriges İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla iftar zamanı Terimi İspaniyaya dəvət edib.

“Kaş, Avropa çempionatının finalında İspaniya və Türkiyə üz-üzə gələydi” - deyə Rodriges bildirib. Ardından Terimə müraciət edən ispaniyalı məmur onu ölkəsinə dəvət edib: “Sizi yaxından izləyirəm. Türkilərin dostu olduğum üçün uğurlarınıza sevinirəm. Günlərin birində mütləq İspaniya komandalarından hansınısa çalışdırarsınız. Çünki mənim ölkəmdə çox bəyənilirsiniz”.

Terimin əvəzinə cavab verən Ərdoğan yarızarafat, yarıgerçək təklifi qəbul etməyib: “Gözümüzün qarşısında milli komandamızın baş məşqçisini transfer etmək niyyətiniz var. Amma biz ən yaxşı dövrünü keçirən Fatih Terimin xarici ölkəyə getməyinə icazə verə bilmərik”.

Görüşdə Rodrigesin həmyerlisi, “Fənərbaxça”nın baş məşqçisi Luis Araqones də iştirak edib.
0