“Qalatasaray”ın uğurlu, “Beşiktaş”ın uğursuz günü
17.09.2008 - 12:11
“Qalatasaray”ın uğurlu, “Beşiktaş”ın uğursuz günü
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah keçiriləcək UEFA kubokunun oyunlarında Türkiyənin üç klubu meydana çıxacaq. “APA-Sport”un məlumatına görə, “Qalatasaray” avrokuboklar tarixində dördüncü dəfə öz matçını sentyabrın 18-də keçirir. İsveçrədə yerli “Bellinzona”nın qonağı olacaq istanbullular bu tarixdə keçirdiyi əvvəlki qarşılaşmaların hamısında qalib gəlib.
1985-ci ildə Polşa “Vidzev”ini öz meydanında 1:0, düz altı il sonra ADR-in “Ştal” klubunu səfərdə məğlub edən (2:1) “Cimbom” bu qələbələri Kuboklar Kubokunda əldə edib. 2002-ci ildə isə Çempionlar liqasının qrup oyununda türkiyəlilər səfərdə Rusiya “Lokomotiv”ini 2:0 hesabıyla üstələyib.

“Qalatasaray”dan fərqli, “Beşiktaş” sabahkı tarixlə öyünə bilməz. Xarkovun “Metallist” klubu ilə görüşəcək “ağ-qaralar” artıq 5 dəfə sentyabrın 18-də avrokubok oyununa çıxıb. 1974-cü ildə UEFA kubokunda Rumıniya “Braşov”unu udan “Beşiktaş” sonrakı 4 qarşılaşmada qələbəyə həsrət qalıb. 1980-ci ildə Kuboklar Kubokunda Avstriyada “Rapid”ə, 1981-ci ildə UEFA kubokunda İspaniyada “Atletik”ə 1:4 hesabı ilə yenilən İstanbul təmsilçisi 1991-ci ildə Çempionlar Kubokunda evdə PSV-dən bir xal ala bilib – 1:1. Ötən il ÇL-in qrup mərhələsində “Marsel”in qonağı olan “Beşiktaş” 0:2 hesabı ilə uduzmuşdu. Fransa PGJ-sini qəbul edəcək “Kayserispor” isə avrokuboklarda heç vaxt 18 sentyabrda meydana çıxmayıb.
0