“Qalatasaray” və “Fənərbaxça” arasında qalmaqal yarandı
17.09.2008 - 14:14
“Qalatasaray” və “Fənərbaxça” arasında qalmaqal yarandı
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin iki ən titullu klubu “Qalatasaray” və “Fənərbaxça” arasında qalmaqal yaranıb. “APA-Sport”un məlumatına görə, buna səbəb Əmrə Bələzoğlunun transferi zamanı bütün detallara əməl olunmamasıdır. Belə ki, Əmrəni İngiltərə “Nyukasl”ından transfer edən “Fənərbaxça” FİFA-nın təlimatına əsasən onun keçmiş komandası “Qalatasaray”ın hesabına 202 min avro köçürməli idi. Amma ingilislərə 4,5 milyon avro ödəyən “sarı bülbül” bu müddəaya riayət etməyib. “Fənərbaxça” Bələzoğlunu yetişdirən “Zeytinburnuspor” klubuna da 22500 avronu bu günədək ödəməyib. Problem yaxın zamanda həllini tapmasa, “Qalatasaray” rəhbərliyi FİFA-ya şikayət edəcək.
Qeyd edək ki, 1995-ci ildə “Qalatasaray”la ilk peşəkar müqaviləsini imzalayan Əmrə altı ilə sonra İtaliyanın “İnter” klubuna transfer olunub. Maraqlıdır ki, istedadlı yarımmüdafiəçinin milli komandanın heyətində (U-15) debütü Azərbaycan yığması ilə oyuna təsadüf edir.
0