Quiza Kiyevdəki nəticəyə sevinir
18.09.2008 - 11:15
Quiza Kiyevdəki nəticəyə sevinir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Portu” ilə oyunda qolları tez buraxdıq. Bu son nəticəyə öz təsirini göstərdi. Təəssüf ki, buraxdığımız topların əvəzini çıxa bilmədik”. “APA-Sport”un məlumatına görə, bunu Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Daniel Quiza deyib. Çempionlar Liqasının qrup mərhələsində ilk turunda Portuqaliyanın “Portu” klubuna səfərdə məğlub olduqları (1:3) oyunda komandasının yeganə qolunun müəllifi olan ispan hücumçu bacardığı qədər çalışdığını söyləyib: “Əlimdən gələni əsirgəmədim. Ancaq təəssüf ki, meydandakı mübarizədə istədiyimizə nail ola bilmədik. Bruno Alves mübarizə zamanı məni arxadan itələdi. Amma hakim qayda pozuntusu qeydə almayaraq, əvəzində mənə sarı vərəqə göstərdi. Rəqib meydanındakı matçlarda hakimlər rahat qərar vermirlər”.
İspaniya yığmasının heyətində Avropa çempionu olan hücumçu qrupdan çıxmaq şanslarını aşağı saymır. Quiza məğlubiyyəti unudaraq, növbəti oyunlara ciddi hazırlaşmağın vacibliyini vurğulayıb: “İndi fasilə vermədən çalışmamızı davam etdirməli, yaxşı hazırlaşmalıyıq. Yalnız bu zaman istəyimizə nail ola bilərik. Kiyev “Dinamo”sunun “Arsenal”la heç-heçə oynamağı bizim üçün yaxşı oldu. Qarşıdakı görüşlərin hamısında qələbə qazanaraq, üstünlük əldə etmək istəyirik. Xüsusilə ev oyunlarımız çox önəmlidir”.
0