Rivaldo İranda da qol vurdu
18.09.2008 - 13:31
Rivaldo İranda da qol vurdu
Bakı - APA-Sport. Braziliyalı ulduz futbolçu Rivaldo Asiya Çempionlar Liqasında qol hesabını açıb. “APA-Sport”un məlumatına görə, Özbəkistanın “Bunyodkor” klubunun şərəfini qoruyan 36 yaşlı hücumçu bu dəfə İranda fərqlənib. O, Asiya Çempionlar Liqasındakı debüt matçında səfərdə “Saypa” komandasını cəzalandırıb.
26-cı dəqiqədə fərqlənən Rivaldo “Bunyodkor”un İrandan 2:2 hesablı bərabərliklə dönməsinə yardımçı olub. Bununla da, Daşkənd təmsilçisi sentyabrın 24-də keçiriləcək cavab görüşü ərəfəsində böyük üstünlük qazanıb. Təkrar matçda hətta qolsuz heç-heçə də özbəkistanlıları Çempionlar Liqasının yarımfinalına daşıyacaq.
Ötən ay Yunanıstan AEK-indən “Bunyodkor”a transfer olunan braziliyalı futbolçunun Özbəkistan çempionatında da debütü uğurlu alınmışdı. Rivaldo bu ölkədə keçirdiyi ilk oyunda “Məşəl” klubunun qapısına iki qol vurmuşdu. “Bunyodkor” məhz onun qolları sayəsində 3 xal qazanmışdı.
Qeyd edək ki, 2005-ci ildə yaradılan və Özbəkistanın “Neftgazmontaj”, “Uzgazoil”, “Hisarneftgaz”, “Kokdumalakgaz”, “Şurtangaz Mahsulat”, “Neftgaz Sanaat Layiha” kimi tanınmış neft-qaz şirkətlərinin sponsorluq etdiyi “Bunyodkor” cari mövsüm qarşısına ciddi məqsədlər qoyub. Özbəkistan çempionatının 20-ci turundan sonra 54 xalla zirvədə yer alan paytaxt komandası ölkə kubokunun finalına vəsiqə qazanmaqla yanaşı, Asiya Çempionlar Liqasının qalibi olmağa da yaxındır.
0