Zidanın gizli sifəti
18.09.2008 - 15:32
Zidanın gizli sifəti
Bakı. Kənan Həsənov - APA-Sport. Besma Lauri Fransa yığmasının sabiq kapitanı Zinəddin Zidanın italiyalı Marko Materazzinin sinəsinə başla endirdiyi zərbə haqda kitab yazıb. “APA-Sport”un məlumatına görə, “Zidanın gizli sifəti” adlanan və gələn həftə satışa çıxacaq kitab sonuncu dünya çempionatında baş verən məlum xoşagəlməz epizoda həsr olunub.

Kitabda yer alan ən gözlənilməz məqam Zidanın bu hadisəyə görə özünü günahlandırmasıdır. Halbuki, Zidan indiyədək Materazziyə başla zərbə endirməsinə görə üzr istəməyib.

Bu xoşagəlməz hadisə 2006-cı ildə Almaniyada təşkil olunan dünya çempionatının final matçında baş verib. Rəqibinin təxribatına uyan Zinəddin ona zərbə edirmiş və qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Fransa yığması isə çempionluq titulunu penaltilər seriyasında İtaliyaya uduzmuşdu.

Qeyd edək ki, Materazzi 2007-ci ilin avqustunda fransalını təxribata çəkdiyini etiraf edib. Zidanın bacısını təhqir edən müdafiəçi, hadisə ilə bağlı kitab da yazıb. “Əslində mən Zidana nə dedim” adlanan kitabda onun fransalı ilə dialoqu 249 variantda verilib.
0